125 yaşlı Ceyhun Hacıbəyli...

125 yaşlı Ceyhun Hacıbəyli...
  03 Fevral 2016    Oxunub:2020
Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Ceyhun Hacıbəylinin 125 yaşı tamam olur.
AzVision.az xəbər verir ki, C. Hacıbəyli 1891-ci ildə fevral ayının 3-dəŞuşada anadan olub.

O, ilk təhsilini Şuşada N. Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci il yanvarın 12-də qardaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Tağıyev teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C. Hacıbəyli bir müddət Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakultəsinə daxil olub. Sonradan Fransaya yollanıb və Sorbon Universitetində oxuyub. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.

C. Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada fəaliyyət göstərib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb.

Həyatının ən gözəl çağında - 28 yaşında qürbətə düşən, 71 baharlı ömrünün 43 ilini vətəndən uzaqlarda başa vuran Ceyhun Hacıbəyli Azərbaycan mədəniyyətinin ən parlaq və unudulmaz, eyni zamanda ictimai-siyasi mühitinin də görkəmli simalarından biridir. C. Hacıbəylinin “Azərbaycan” jurnalının nəşrində də böyük xidmətləri olub. Jurnalın baş redaktorları Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginski idi. Jurnal iki dildə nəşr edilirdi: Azərbaycan və rus. Jurnalın hər iki redaktoru həm də rus təhsilli idilər. Ceyhun bəy Sankt-Peterburqda, Əbdürrəhman bəy isə Moskvada rus dilində təhsil alıb.

Mühacirət illərində C. Hacıbəyli “İlk müsəlman respublikası Azərbaycan”, “Azərbaycan mətbuat tarixi”, “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları”, “Qarabağın dialekti və folkloru” əsərlərini yazıb.

O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasını fransızcaya tərcümə edib və Parisdə “Femina” teatrında tamaşaya qoyub.

C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti