Prezidentin fərmanları ölkədə nəyi dəyişəcək?

Prezidentin fərmanları ölkədə nəyi dəyişəcək?
  04 Fevral 2016    Oxunub:4972
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev mühüm fərmanlar imzalayıb. Bunlardan biri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, digəri isə Prezident yanında Apellyasiya Şurasının yaradılması ilə bağlıdır.

Ölkə başçısının fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılıb.

Prezident yanında Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

Milli Məclisin deputatı Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, prezidentin fərmanları Azərbaycanın hazırki iqtisadiyyatında özünü göstərən tendensiyalara adekvat şəkildə tərtib olunub. Deputatın sözlərinə görə, dəyişikliklər yaxın vaxtlarda mövcud problemləri tənzimləməyə imkan verəcək.

“Azərbaycanda qiymətli kağızlar sistemi şaxələnməli və genişlənməlidir. Vətəndaş rahat şəkildə böyük gəlirlə işləyən zavodun, fabrikin, maliyyə qurumunun səhmçisi ola bilmir, çünki bir tərəfdən buna inam yoxdur, digər tərəfədən burada xarici kompaniyalar iştirak etmirlər. Bizdə müəssisələr və qurumlar sanki qapalı dairələr kimi işləyirlər. Adı Açıq Səhmdar Cəmiyyət olsa da, özü reallıqda necə işləyir, hansı fəaliyyəti aparır, dövlətin oradakı payı necədir, bunu bilmək olmur. Düşünürəm ki, birinci fərman maliyyə sferasında dayanıqlığa, sabitliyə, o cümlədən iqtisadi həyatın yenilənməsinə təkan verəcək”.

Prezident yanında Apellyasiya Şurasının yaradılmasına münasibət bildirən deputat hesab edir ki, indiyədək sahibkarların problemləri məhkəmə orqanları tərəfindən tam həllini tapa bilmirdi. Buna səbəb icra orqanlarının məhkəmələrə təsiridir: “Ayrı-ayrı şəxslər öz haqlarını gerçəkləşdirə bilmədiklərindən onların iqtisadi fəaliyyəti yarımçıq qalır. Buna görə biz sahibkarın hüququnu ölkədə ən ali hüquqlardan birinə çevirməliyik. Bilməliyik ki, məmur sözü ölkədə çox vurğulanmalı deyil. Cənab prezident son müşavirədə 10 sahibkarı tribunaya çıxardı və onlarla fikir mübadiləsi apardı, ideyalarına dəstək verdi.

Ölkə rəhbəri hər bir hökumət təmsilçisinə, bölgələrə gedən məmurlara bildirdi ki, sahibkar dövlətin müttəfiqidir. Hər bir məmur bilməlidir ki, ölkənin gələcək həyatında, idarəçiliyində bu, belə olmalıdır. İqtisadi fəaliyyətin, təhlükəsizliyin, kredit siyasətindən tutmuş bank hesablaşmaları, xarici əlaqələr, məhsulun idxal əməliyyatları və s. dövlətin təminatı altında olmalıdır. İnsanlar bilməlidir ki, gəlib sərhəddə gözlədiyinə görə, nəyisə itirməyəcək, qarşılığında məsuliyyət daşıyan orqanlardan itkilərini ala biləcək. Yoxsa sahibkar müəssisəni qurur, işini tənzimləyir, sonra ona problem yaradırlar.

Ölkə başçısının müxtəlif qurumları birləşdirməsi, səlahiyyət dəqiqləşdirmələri, məmur sayının azaldılması effektiv idarə olunmaqla bağlıdır. Digər tərəfdən sahibkar dövlətin, dövlət başçısının ən yüksək himayəsi, diqqəti altındadır”.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə maliyyə bazarına nəzarət vahid qurumun əlində cəmləşəcək, bu da effektiv nəticələrə gətirib çıxaracaq.

“Yeni qurumun yaradılmasında əsas məqsəd maliyyə və qiymətli kağızlar bazarının inkişafına nail olmaqdır. Təkcə qiymətli kağızlar bazarının deyil, eyni zamanda fond birjasında olan geriliyin aradan qaldırılması, bank sektoruna nəzarətin daha effektiv təmin edilməsi də əsas məqsədlər sırasındadır. Nəticədə daha effektiv nəzarət təmin olunacaq. Azərbaycanda qiymətli kağızlar bazarı demək olar ki, formalaşmayıb. Qiymətli kağızlar bazarının formalaşmaması qeyri-neft sektorunun inkişafını ciddi şəkildə əngəlləyir. Belə bir palatanın yaradılması isə mövcud maneələrin aradan qaldırılmasına şərait yaradacaq”.

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək.

“Bu çox düzgün addımdır. Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir. Yeni qurumun fəaliyyəti uğurlu olacaq və mövcud böhranın aradan tezliklə qaldırılmasına kömək edəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti