Prezidentin London səfəri nə vəd edir? - ŞƏRH

Prezidentin London səfəri nə vəd edir? - ŞƏRH
  04 Fevral 2016    Oxunub:3116
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Böyük Britaniyaya rəsmi səfərə gedib. Ölkə başçısı BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak edəcək.

Politoloq Fikrət Sadıqov hesab edir ki, dünya liderlərinin prezident İlham Əliyevə dəvət göndərməsi ölkəmiz üçün mühüm hadisədir: “Bu dəvət Azərbaycanın imicinə müsbət yanaşmadır. Azərbaycanın rolu kifayət qədər güclü və şəffafdır. Orada müzakirə olunacaq məsələyə gəlincə, müzakirə predmeti olan mövzu olduqca mürəkkəbdir. Suriyada baş verən hadisələr təkcə Azərbaycanı yox, digər ölkələri də narahat edir. Toplantıda bu məsələnin müzakirəsi, eyni zamanda digər siyasi və humanitar məsələlərin müzakirəsi həm Azərbaycanın, həm də orada iştirak edən dövlətlərin maraqlarına cavab verir”.



Prezidentin London səfərini şərh edən politoloq bildirib ki, ölkə başçısı tədbir çərçivəsində liderlərlə mühüm görüşlər keçirəcək.

“Hesab edirəm ki, bu görüşlərdə bir sıra aktual məsələlər müzakirə olunacaq. Eyni zamanda Suriya problemi ilə bağlı Azərbaycanın mövqeyi bəlli olacaq. Düşünürəm ki, konfransda Azərbaycanın iştirakı ilə dünya dövlətləri hər hansı bir razılaşmaya gələ bilərlər”, -deyə F.Sadıqov vurğulayıb.

Politoloq Arzu Nağıyevun fikrincə, liderlərin iştirak etdiyi tədbirə Azərbaycan prezidentinin dəvət olunması həm Azərbaycanın, həm də İlham Əliyevin dünyada yüksək imicə sahib olmasından irəli gəlir: “Davos görüşündə də bu hiss olundu və həqiqətən də prezident İlham Əliyev dünya dövlətləri tərəfindən lider kimi qəbul olunur. Bu məsələ prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfərində də özünü göstərdi. Düşünürəm ki, London səfəri Azərbaycanın regional konfliktlərdə, o cümlədən Suriya məsələsində mühüm rol oynaya biləcəyindən xəbər verir”.



A.Nağıyev qeyd edib ki, London səfərində Rusiya-Türkiyə arasındakı gərginliyin həlli istiqamətində müzakirələrin aparılacağı gözlənilir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır. Düşünürəm ki, bütün bunlar bir-biri ilə bağlı məsələlərdir. Təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin Londona səfəri iki dövlət arasında yeni bir mərhələnin başlanğıcı da ola bilər. Məlumdur ki, BP şirkətinin də Azərbaycanla mühüm layihələri var və hazırda həyata keçirilir. Bu baxımdan ölkə başçısının London səfəri Azərbaycan üçün xüsusi önəm daşıyır”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti