Bakı seçim qarşısında: Minsk qrupundan imtina edilir?

Bakı seçim qarşısında: Minsk qrupundan imtina edilir?
  04 Fevral 2016    Oxunub:5410
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək heç bir irəliləyişə nail ola bilməyib. Əskinə, həmsədrlərin ikiüzlü siyasəti Qarabağ münaqişəsinin həllində ciddi əngələ çevrilib.

Prezident İlham Əliyev gənclərlə görüşündə həmsədrlərin fəaliyyətini tənqid edərək, Minsk qrupunu “mənasız qurum” adlandırılıb.

İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun fəaliyyətindən razılıq edib. Erməni nazir çıxışı zamanı həmsədrlərin mövqeyinin Ermənistanla üst-üstə düşdüyünü etiraf edib. Nalbandyan Qarabağ münaqişəsi ilə bağlı həmsədrlərin İrəvana dəstək verdiyini dolayısı ilə təsdiq edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Bakıda keçirdiyi mətbuat konfransında Minsk qrupunun fəaliyyətindən narazı olduğunu diqqətə çatdırıb. XİN rəhbəri həmsədrlərin fəaliyyətsizliyindən gileylənib.

Rəsmi etirazlar fonunda Azərbaycanın Minsk qrupu formatından imtina etməsi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, həmsədrlik institu ya ləğv olunmalı, ya da tərkibində dəyişiklik edilməlidir.

Millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, Ermənistanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı müsbət fikir söyləməsi, fəaliyyətindən razılıq ifadə etməsi təəccüblü görünmür: “ATƏT-in Minsk qrupunun məlum fəaliyyəti ucbatından münaqişənin həlli ilə bağlı irəliyə bir addım belə atılmayıb. Ermənistan tərəfini razı salan ən mühüm amil odur ki, məhz bu fəaliyyətin nəticəsi olaraq status-kvo qorunub saxlanılır. Yəni, işğal prosesi davam edir. Təbii ki, Ermənistana bu lazımdır. Status-kvonun dəyişməsi isə Ermənistanın işğalçılıq siyasətinə və nəticələrinə son qoyulması deməkdir. Ona görə də münaqişənin həlli üçün məhz bu formatın üzərində israrla qalırlar. 2014-cü ildə NATO-nun Uels sammitindən geri dönən Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının toplantısında belə bir fikir söyləmişdi ki, “Biz ATƏT-in Minsk qrupu formatı çərçivəsində əldə etdiyimiz nəaliyyətləri AŞPA və NATO müstəvisinə də keçirməliyik”. Yəni, Ermənistanın NATO və AŞPA-da işləri lazımı səviyyədə getmir”.



Politoloq qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən narazıdır: “Azərbaycan prezidenti İlham Əliyev bu narazılığı dəfələrlə ifadə edib. Çünki, danışıqların nəticəsi yoxdur. Hətta ATƏT-in Minsk qrupunun 24 illik fəaliyətindən sonra Ermənistan prezidenti deyir ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir. Buradan belə qənaətə gəlmək mümkündür ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı inhisarçı mövqeyini qoruyub saxlamaqla, münaqişənin həllinə yox, müharibəyə çevrilməməsi ilə məşğuldur. ATƏT-in Minsk qrupu tərəfsiz və obyektiv olmalıdır. Reallıqda isə onlar Ermənistanın yanındadır”.

Millət vəkili vurğulayıb ki, hazırki vəziyyətdə münaqişənin həlli ilə bağlı daha optimal vasitəçilik modelinin tapılması vacibdir: “ATƏT-in Minsk qrupunun formatında dəyişikliklər olmalıdır. ATƏT-in Minsk qrupuna müsəlman dövlətinin cəlb olunması labüddür. Hesab edirəm ki, Pakistanın vasitəçilik missiyasına qatılması mümkündür. Çünki, üç həmsədr dövlətin hər biri nüvə dövlətidir. Həmçinin, Pakistan da nüvə dövlətidir. Bu baxımdan subardinasiya gözlənilmiş ola. Münaqişəni həll etmək iddiasında olan üç xristian dövlət var. Eyni zamanda təcavüzkar da xristiandır. Ancaq, təcavüzə məruz qalan müsəlman dövlətdir. Ona görə də vasitəçilik missiyasına bir müsəlman dövlət cəlb olunmalıdır. Bu formata “dördlük” yox, “3+1” variantı da deymək olar. Çünki İranın nüvə proqramı ilə bağlı məsələlərdə “5+1” formatından istifadə olunurdu. Səbəb o idi ki, Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyildi. Pakistan ATƏT üzvü olmadığından ”3+1” formatından istifadə müəyyən pozitiv nəticələrə gətirib çıxara bilər”.

Politoloq Qabil Hüseynli bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina etmək mümkün deyil: “Çünki, bunun üçün hələlik alternativ yoxdur. Vasitəçilik missiyasından imtina etsək, gərək ermənilərlə birbaşa danışıqlara gedək. Buna isə ermənilərin getməsi inandırıcı deyil. Ona görədə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi və bura heç olmasa bir müsəlman dövlətinin daxil edilməsi uğrunda mübarizə aparmalıyıq. ATƏT-in Minsk qrupunun 11 üzvü içərisində yalnız Türkiyə müsəlman dövlətdir. Əsrlərdir xristian və müsəlman sivilizasiyaları arasında toqquşmalar baş verir. Ona görə də ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilməlidir. Yəni, həmsədr ölkələrin sayı 3-dən 5-ə çatdırılmalıdır. Bura daxil olacaq dövlətlər Türkiyə və Pakistan ola bilər. Ermənilər buna müqavimət göstərsə, ATƏT və BMT bu müqaviməti sındırmalıdır”.



Politoloq vurğulayıb ki, münaqişənin həll olunması üçün Ermənistana qarşı heç bir məcburedici metodlardan istifadə edilmir: “Münaqişəni həll etmək üçün Ermənistan təcavüzkar elan edilməlidir. Bundan sonra Ermənistanı güzəştə məcbur edəcək addımlar atmaq olar”.

Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, böyük güclər istəmədikcə münaqişə həll olunmayacaq: “Bu gün Avropa qurumlarının əksəriyyəti öz fəaliyyətlərində dini təəssübkeşliyi az qala prioritet istiqamət kimi müəyyənləşdiriblər. Bütün beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, AŞ PA-da məsələlərə yanaşma yalnız dünya siyasətini müəyyənləşdirən Qərb bölgələrinin maraqları çərçivəsində qiymətləndirilir. Qərb imperializminin milli maraqları istismarçı mahiyyət daşıyır və dini təssübkeşliyə əsaslanır. Yaxın Şərqdə baş verən hadisələri də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Bundan başqa hazırda Qərbdə formalaşmış siyasi təfəkkür islamafob əsaslara, sivilizasiyaların qarşıdurması fəlsəfəsinə söykənir. Biz bunu ATƏT-in Minsk qrupunun fəaliyyətində də görürük”.



H.Babaoğlunun sözlərinə görə, ATƏT-in Minsk qrupu bir çox hallarda Azərbaycanın xarici siyasətinin uğurlu fəaliyyətini məhdudlaşdırmağa çalışır: “AŞ PA-da bizim lehimizə qanun layihəsi müzakirə edilərkən Minsk qrupunun bəyanatı işğal faktının ört-basdır edilməsi məqsədi daşıyırdı. ATƏT-in Minsk qrupu tərəfsizliyini çoxdan itirib və faktiki olaraq işğalçı Ermənistanın Xarici İşlər Nazirliyinin funksiyasını yerinə yetirir”.

Formatın dəyişməsinə gəlincə, deputat hazırki beynəlxalq şəraitdə bunun ciddi əhəmiyyət kəsb etmədiyini söyləyib: “Problemi həll edə biləcək real güclər, yaxud siyasi iradə bu formatda təmsil olunublar. Bunlar ABŞ, Rusiya və Avropa İttifaqı adından Fransadır. Onlar da dünya siyasətini müəyyənləşdirən ölkələrdir. Bu ölkədə Qarabağ problemini həll etmək istəmirlər. Ona görə də formatı dəyişsək belə, bu güc sahibləri istəməyincə, problem həll edilməyəcək”, - deyə H.Babaoğlu vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti