Nazirlikdən `donuz qripi` ilə bağlı daha bir Açıqlama

  04 Fevral 2016    Oxunub : 1627
Nazirlikdən `donuz qripi` ilə bağlı daha bir Açıqlama
2015-ci ilin dekabr ayından bəri bir çox ölkələrdə, eləcə də Azərbaycanla qonşu ölkələrdə müşahidə olunan gərgin epidemioloji vəziyyətə baxmayaraq, ölkəmizdə “donuz qripi” qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bunu əhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Nazirlik rəsmisi qeyd edib ki, respublikada “donuz qripi”nə qarşı mübarizə üçün bütün zəruri dərman preparatları var.

“Bununla belə yaranmış vəziyyət profilaktik, müalicəvi xarakterli və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi üçün qüvvə və ehtiyatların səfərbərliyini tələb edir. Bu məqsədlə nazir Oqtay Şirəliyev “Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Respublikanın tibb müəssisələrinin rəhbərlərinə səhiyyə “donuz qripi” haqqında məlumatlandırmaq tapşırılıb. Sənəddə virusa yoluxmaqda şübhəli şəxslərin, o cümlədən uşaqların və böyüklərin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb heyətinin fərdi qorunma vasitələri ilə təmini, habelə dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət ayırmağın zəruriliyi qeyd edilib. Məsələn, əmrin icrası ilə əlaqədar bu ilin təkcə yanvar ayında 300-dən çox adam müayinə olunub, onlardan laboratoriya şəraitində analiz götürülüb. Analiz nümunələri pasiyentlərdə donuz qripi (H1N1) əlamətlərinin olmadığını göstərib. H1N1 virusuna yoluxmaqda şübhəli olanların əksəriyyətində mövsümi qrip virusunun (H3N2) əlamətləri aşkar olunub. Ümumilikdə, 2015-ci ildə donuz qripi virusu üzrə 1400 analiz nümunəsi götürülüb. Bundan başqa, yanvar tətilində Bakı, Gəncə, Sumqayıt və Mingəçevirin 471 məktəbində və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini “donuz qripi”nin Naxçıvan MR-ə çatmasına dair suala cavab verərək bildirib ki, informasiya həqiqəti əks etdirmir. A.Əliyeva vurğulayıb: “Əlbəttə ki, Naxçıvan MR-də də kəskin respirator virusları tapılır, lakin “donuz qripi”nə yoluxma faktı aşkar edilməyib. Heç kim şayiələrə inanmasın”.

Onun sözlərinə görə, Zika virusunun Azərbaycana çatma ehtimalı sıfıra bərabərdir.

AzVision.az

Teqlər: