Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi

Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi
  05 Fevral 2016    Oxunub:1932
2016-cı il fevral ayının 3-də İsveç Krallığının Bakıdakı Səfirliyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, TeliaSonera/Azercell və “Əli və Nino” birgə sosial layihənin təqdimat mərasimini həyata keçirib. Təqdimat mərasimi Masazırda yerləşən məcburi köçkün şəhərciyində baş tutub.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəblərinin hər birini İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 ədəd kitabı ilə təmin edəcək.

Layihə qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracaq.

Kitablar eyni zamanda “Əli və Nino” kitab dükanlarında satışda olacaqdır ki, bu da ümumilikdə Azərbaycan dilində keyfiyyətli uşaq ədəbiyyatı nümunələrini əldə etmək imkanını artıracaq.

Eyni zamanda bu layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatının yayılmasına kömək edəcək.

Uşaq ədəbiyyatı üzrə İsveç və Azərbaycanlı mütəxəssislər arasında müzakirələrin aparılması və bu kimi digər qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi Azərbaycan və İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq.

Layihənin təqdimat mərasimi üçün Astrid Lindqrenin kitablarından qısa səhnəciklərin hazırlanmasında məcburi köçkün məktəbinə köməklik göstərmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Astrid Lindqrenin əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

İsveç səfirliyi eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.


Teqlər:





Xəbər lenti