Rabitə Nazirliyində ciddi yoxlamalar aparılır

Rabitə Nazirliyində ciddi yoxlamalar aparılır
  05 Fevral 2016    Oxunub:3333
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun məktublarına və məhkəmə qərarlarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, “Aztelekom”, “Azintelekom” və “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması üzrə nəzarət tədbirlərinə başlayıb.

AzVision.az xəbər verir ki, bundan başqa nazirliyin Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirlərinə başlanılıb.

Eyni zamanda əvvəlki dövrlərdə DMNX tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1 483,53 min manatının, o cümlədən əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1 414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib.

Ötən il aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları"na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti