Kaladzenin Bakıya qəfil səfəri - Tiflis nə istəyir?

Kaladzenin Bakıya qəfil səfəri - Tiflis nə istəyir?
  05 Fevral 2016    Oxunub:5462
Gürcülərin yalan xəbəri, yoxsa Bakıya şantaj...

Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ötən gün Bakıya səfərə gəlib. Gözlənilməz səfərin məqsədi rəsmi şəkildə açıqlanmasa da, şübhəsiz ki, danışıqların əsas mövzusu Gürcüstana ixrac edilən qazın qiyməti ilə bağlı olub.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata görə, Rövnəq Abdullayevlə Kaladze arasında aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.

Qeyd edilib ki, tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Kaxa Kaladzenin Bakı səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu səfər Azərbaycan tərəfini sakitləşdirmək məqsədi daşıyır: “Son zamalar ölkə ictimaiyyəti Gürcüstan hökumətini, xüsusilə Kaxa Kaladzenin Rusiya və İranla apardığı danışıqlardan narazı idi. Buna əsaslar var. Belə ki, Azərbaycan Gürcüstanı kifayət qədər qazla təmin edir. Halbuki Kaladze bunun əksini iddia edir. Amma SOCAR-dan bildirilir ki, Azərbaycan Gürcüstana istənilən qədər qaz satmağa hazırdır. Buna baxmayaraq, Kaladze Rusiya və İranla danışıqları davam etdirir”.



Politoloqun fikrincə, Gürcüstanın qaz danışıqları ilə bağlı atdığı addımlar başa düşülən deyil: “Gürcüstanın torpaqlarını işğal edən Rusiya ilə diplomatik münasibətləri olmaya-olmaya bu ölkə ilə qaz alqı-satqısına dair danışıqlar aparması sual doğurur. İran qazının isə Ermənistan üzərindən Gürcüstana çatdırılması bizim əleyhimizədir. Çünki, bu halda Ermənistanın bölgədəki rolu bir qədər artacaq. Bu baxımdan Kaladze Azərbaycanın narahatlığını hiss edərək Bakıya gəlib”, - deyə E.Şahinoğlu bildirib.

E.Şahinoğlu vurğulayıb ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir. Bu baxımdan Bakıdan Tiflisə qarşı xoşagəlməz addım gözləmək doğru deyil.

“Gürcüstan prezidenti Georgi Maqrelaşvilinin parlamentdəki çıxışı bundan xəbər verir. Gürcüstan Azərbaycandan narahat olmamalıdır. Çünki, Azərbaycan Gürcüstanın əleyhinə heç vaxt addım atmaz. Ancaq, Gürcüstan da Azərbaycanın maraqlarını nəzərə almalıdır”.

Qeyd edək ki, Kaxa Kaladzenin Bakıya səfərindən öncə xarici KİV-lərdə Gürcüstanda 5,3 trilyon kubmetr həcmində qaz ehtiyatının aşkarlanması haqda xəbər yayılmışdı. İnformasiya sonradan təkzib edilsə də, bu, Tiflisin Azərbaycana qarşı siyasi hiyləsi kimi qiymətləndirilir.

Politoloq da hesab edir ki, bu informasiya qəsdən yayılıb: “Burada Azərbaycana qarşı müəyyən qədər şantaj elementi var. Eyni zamanda Gürcüstanın qaz ehtiyatlarına malik olmasına dair məsələnin özü mübahisəlidir. Çünki, mütəxəssislər belə bir ehtimalın az olduğunu vurğulayırlar. Hətta Gürcüstanın bu həcmdə qaz rezervləri olsa belə, dünyada enerji qiymətlərinin düşdüyü bir vaxtda heç bir şirkət kəşfiyyat quyuları qazıb, milyardlar xərcləyərək qazın çıxarılması ilə məşğul olmaz”.

Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti