Azərbaycanın strateji TAPıntısı – TƏHLİL
Eləcə də, bir neçə gün öncə Azərbaycan Yunanıstanın DEPA qaz paylama şəbəkəsini satın almışdı. Azərbaycanın Türkiyədən sonra qazını Yunanıstan ərazisindən deyil, Bolqarıstan ərazisindən nəql etməsi düzgün olmazdı. Marşrut seçimi etməzdən öncə Azərbaycan Prezidenti Avropa İttifaqı rəhbərlərilə görüşdü və ehtimal ki, öz mövqeyini onlarla razılaşdırdı. Azərbaycan Prezidenti Avropa İttifaqı prezidenti V.Rompey və Avropa Komissiyasının sədri J.M.Barrozo ilə görüşdükdə bu məsələ xüsusi müzakirə olundu. TANAP və onun davamı kimi TAP layihəsi Azərbaycanın birbaşa Avropa İttifaqına qaz nəql etməsi deməkdir. Bu, Azərbaycanın sabit istehlak bazarı tapması ilə yanaşı, həm də Aİ-nin RF qazından asılılığını müəyyən qədər azaldacaqdır. Ən azı, bu gün Rusiyanın yaranmış vəziyyətlə razılaşdığını düşünməyə daha çox əsas var.
TAP marşrutunun seçilməsində Yunanıstanın DEPA qazpaylama şəbəkəsini ARDNŞ-ın alması ən həlledici məsələ oldu. DEPA qazpaylama şəbəkəsinin ən böyük müştərisi “Qazprom” (RF) idi. “Qazprom”un Yunanıstanda mövqeyinin güclənməsini həm rəsmi Moskva, həm də Rusiya patriarxlığı müdafiə edirdi (hər iki xalq pravoslavdırlar). Son anda “Qazprom” DEPA şirkətini almaqdan imtina etdi. “Qazprom” imtinasının ARDNŞ-ın xeyrinə nəticələnəciyini bilirdi. “Qazprom” imtinanın rəsmi səbəbi kimi Aİ-nin Yunanıstanın maliyyə bazarındakı sabitliyə təminat verməməsini göstərdi. Nəticədə DEPA-nın maliyyə təminatlılığı müşkülə çevrilirdi.
Aİ, Rusiya və Azərbaycanın iştirakı ilə böyük siyasi razılaşmanı düşünmək olar. DEPA-nı almaqdan imtina edən “Qazprom” Belçikanın qazpaylama şəbəkəsini ala bilər. Aİ bu məsələni diqqətə gətirməklə Rusiya ilə öz arasında inamın yaranmasına mühüm stimul verir. Eyni zamanda “Qazprom”a qarşı Aİ tərəfdən olan təzyiqlər aradan qalxır. Aİ-RF istiləşən münasibətləri və ya Rusiyanın Aİ-nin qoyduğu ssenarini qəbul etməsi Aİ ilə RF arasında viza rejimini sadələşdirməsinə şərait yaradacaq.
RF-nin Aİ-nin senarisinə uyğunlaşması Azərbaycanın xeyrinə işlədi. Yunanıstanın DEPA şirkətinin ARDNŞ tərəfindən alınmasının ən böyük dəstəkçisi Aİ və ABŞ idi. Azərbaycan üçün maliyyə riski o qədər də əhəmiyyətli deyil, çünki ortada daha böyük geosiyasi divident var. Beləliklə, ən mühüm nəticə: Azərbaycanla Rusiyanın Avropa bazarları uğrunda rəqabətinə son qoyuldu. Ehtimal ki, gələcəkdə Azərbaycanla Rusiya Avropa bazarlarında birgə layihələr reallaşdıracaqlar. Bu, həm də Aİ-nin maraqlarına uyğun ola bilər, çünki müqavilələr indidən elə tərtib olunur ki, gələcəkdə Azərbaycan Aİ-yə qarşı RF-nin “qaz kötəyi” siyasətində iştirak edə bilməz. Azərbaycanın bu uğuru təkcə 2013-cü ilin deyil, onilliklərin uğurları sırasına yazıla bilər.
Azərbaycanın TAP-ı seçməsi, “Nabucco-West” layihəsinin tərəfdarları arasında bədbinlik yaradıb. TAP-ın seçilməsi ilə bağlı qeyri-rəsmi xəbərlər yayılan kimi Rumıniyanın baş naziri V.Ponta Azərbaycana səfər etdi. Ondan bir az öncə isə, dörd dövlət-Bolqarıstan, Rumınya, Avstriya və Macarıstan Azərbaycana “Nabucco-West” marşrutunu seçməklə bağlı müraciət etmişdi. Azərbaycanın TAP-ı seçməsi, “Nabucco-West”dən imtina etməsi anlamına gəlməməlidir. Əsas mahiyyət budur ki, Azərbaycan Avropaya birbaşa qaz nəqli ilə bağlı öz siyasi iradəsini yerinə yetirdi.
Azərbaycanın Aİ-yə qaz nəqlində maneələr təkcə Rusiya tərəfdən deyildi; Türkiyə ilə də bir sıra problemlər aradan qaldırıldıqdan sonra Azərbaycanın Avropaya birbaşa qaz nəqli mümkün oldu. Azərbaycanın Avropaya qaz nəql etmək siyasətini reallaşdırmaq üçün seçdiyi taktika diqqəti cəlb edir. Rusiya və digər faktorlar Avropaya qaz nəqli ilə bağlı məsələləri kompleks şəkildə, bir addıma həll etməyə imkan vermirdilər. Bu səbəbdən Azərbaycan Avropaya qaz nəqlini iki yerə böldü və TANAP layihəsinin reallaşması uğrunda bütün məsələləri reallaşdırmaqla birinci mərhələni başa vurdu.
RF Azərbaycanın Türkiyəyə qaz satmasına irad tuta bilməzdi. Avropaya qazı Türkiyə ərazisindən özünün satması ilə əlaqəli məsələlər isə hələlik Azərbaycanın ikinci addımının preambulası idi. Nəticədə RF etiraz imkanlarından tamamilə məhrum oldu.
Azərbaycanın iki addımdan ibarət bu taktikası faktiki “Nabucco-West” reallaşmasına şərait yaradır. TAP-da əsas məhsul Azərbaycan qazıdır. “Nabucco-West” də isə əsas xammal rolunu Türkmənistan qazı oynaya bilər. Azərbaycan bu halda tranzit ərazisi qismində çıxış edəcəkdir. Türkmənistanın Avropaya qaz satmaq niyyəti dəqiqləşən kimi “Nabucco-West” reallaşacaq.
Azərbaycanın TAP marşrutunu seçməsi Azərbaycanın Avropaya qaz nəql etməsində Türkmənistan qazından asılı olmadığını nümayiş etdirdi. Türkmən mentalitetinə bələd olanlar bilirlər ki, bu çox mühümdür; Türkmənistan Aİ-yə qaz nəql etməməsinin günahını Azərbaycanın üzərinə qoya bilməyəcək. Türkmənistan Aİ-yə qaz satmaq istəyirsə, buyurub Azərbaycana müraciət edə bilər. Bu zaman artıq Türkmənistanın Xəzər dənizində Azərbaycana qarşı yaratdığı sərhəd mübahisəsi də aradan qalxır. Azərbaycanın Avropaya qaz nəql etmək iradəsini və bu sahədə maliyyə dəstəyini heç kim şübhə altına ala bilməz. Türkmənistan və Avropa İttifaqı razılaşan kimi Azərbaycan öz sərhədində türkmən qazını alıb, Avropaya nəql edə bilər və yaxud Azərbaycan Türkmənistana qaz nəqli üçün öz ərazisini tranzit kimi təqdim edə bilər.
“Nabucco-West” kəmərinin reallaşmasi ilə bağlı 2013-cü ilin sonunadək müjdəli xəbərin deyilməsi mümkündür. Bu, Azərbaycan üçün faydalı olacaq. Söhbət təkcə, iqtisadi və geosiyasi dividentlərdən getmir, həm də Qarabağ məsələsində ehtimali yeni düşmənlər yenidən dosta çevriləcək.
Siyasi İnnovasiyalar və Tədqiqatlar Mərkəzinin (SİTM) Analitik Hesabatından
Xüsusi olaraq AzVision.az üçün