Melburndə “Azərbaycan Evi”nin açılışı olub
Səfir R.Cəmşidov Avstraliyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının çox əlamətdar hadisə olduğunu qeyd edib. O, “Azərbaycan Evi”nin məhsuldar fəaliyyət göstərməsi, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği və bu ştatda yaşayan Azərbaycanın diaspor nümayəndələrinin bu ev ətrafında sıx birləşməsi üçün səfirlik tərəfindən daim hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.
Nazir R. Skot, millət vəkili A. Qriffin və kölgə naziri İ. Peuliç də çıxış edərək əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan azərbaycanlıları təbrik ediblər.
Çıxışlarda bildirilib ki, iki yüzdən çox millətin yaşadığı Melburn şəhərində belə bir evin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhfəsini verəcək.
Daha sonra Azərbaycana dair videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyat, içkilər təqdim olunub.
Tədbir zamanı “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın rəhbərliyi və idarə heyətinin tərkibinin formalaşdırlmasına dair səsvermə keçirilib.
Melburn şəhərində yaşayan azərbaycanlı, Viktoriya ştatının Xəzinə və Maliyyə Nazirliyinin əməkdaşı Rəşad Həsənov assosiasiyanın rəhbəri seçilib.
Qeyd edək ki, “Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə 90-cı illərdə Azərbaycandan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”na təmənnasız təqdim edilib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: