`Manatın taleyi neftdən asılıdır` - İqtisadçı deputat

`Manatın taleyi neftdən asılıdır` - İqtisadçı deputat
  13 İyun 2016    Oxunub:3320
“Neftin qiyməti kəskin aşağı düşdüyü üçün manata təsir artıb”.
Bunu AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov manatın üçüncü dəfə ucuzlaşacağı haqda fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bundan öncə baş verən iki devalvasiya neftin qiymətinin azalması ilə bağlı olub: “Son günlər neftin qiyməti 50 dollardan aşağı düşüb. Düşünürəm ki, neftin qiyməti 40 dollardan aşağı düşəcəksə, bu manata mənfi təsir edəcək. Əgər neftin qiyməti 40 dollardan yuxarıda qalarsa, manatın devalvasiyası baş verməyəcək”.

V.Əhmədov vurğulayıb ki, bütün bunlarla yanaşı manat real bazar qiymətini almalıdır: “Bunun üçün yumşaq devalvasiyadan istifadə etmək lazımdır. Yavaş-yavaş etmək lazımdır ki, artıq vəsait xərcləməyək. Manatın qorunub saxlanması üçün xərclənən vəsaiti kənd təsərrüfatı, sənaye və turizm sahələrinə yatırmalıyıq. Gec-tez milli valyuta öz bazar dəyərini almalıdır”.

Xatırladaq ki, Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu deyiblər. Analitiklərin fikrinə görə, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir.

Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov bu yaxınlarda jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, manatın növbəti devalvasiyası gözlənilmir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti