`Göydən dollar, manat yağır?`

`Göydən dollar, manat yağır?`
  14 İyun 2016    Oxunub:3592
“Əgər şəffaflıqdan danışırıqsa, büdcədənkənar vəsait anlayışını başa düşə bilmirəm. İşçinin sosial vəziyyətini yaxşılaşdırmaq istəyiriksə, bunu dövlət büdcəsinə daxil etməliyik”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugün keçirilən növbədənkənar plenar iclasında Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, müxtəlif dövlət qurumlarının büdcəsi, eləcə də əmək haqqlarına ayrılan vəsait artırılmalıdır: "Çünki büdcədənkənar vəsaitləri nə Hesablama Palatası, nə də digər dövlət qurumları yoxlaya bilmir. Hətta onların işi məhdud olur. Hardan bilimək olar ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərdən sonra kimlər nə qədər mənfəət götürür. Buna kim zəmanət verə bilər? Ziyad Səmədzadə buna zəmanət verə bilərmi? Burada tərəfkeşlik, ayrı-seçkilik nə dərəcədə tənzimlənəcək? Hazırda bu rəqəm 25 faizdir, indi isə biz bunu 50 faiz edirik. Gələcəkdə bu, 100 ediləcək. Belə çıxır ki, insanlar qazandıqları pulu yalnız vergi işçilərinin əmək haqqının artırılmasına verməlidir. Bu cür yanaşma düzgün deyil".

"Birdə görürsən regionlarda hansısa abadlıq işi aparılanda deyirlər ki, büdcədənkənar vəsait hesabına həyata keçirmişik. A kişi göydən dollar, manat yağır? Prezidentin ehtiyat fondu var və ənənəvi şəkildə regionlara maliyyə vəsaitləri ayrılır. Həmin pullar da büdcədə nəzərdə tutulmuş vəsaitdir. Hər şeyin hesabı-kitabı var. Ümumiyyətlə, bu cür yanaşmalar aradan qaldırılmalıdır. Daxil olan bütün vəsaitlər dövlət büdcəsinə köçürülməlidir. Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın? Halbuki onlar yağışda, boranda vətənin keşiyində dururlar. Ancaq maliyyə sanksiyası tətbiq edilə bilmədiyindən onun sosial təminatı yaxşılaşmır", - deyə S.Novruzov bildirib.

Komitə sədri bildirib ki, bu kimi məsələləri həyata keçirəndə bunu aidiyyəti qurumlarla razılaşdırıb sonra tətbiq etmək lazımdır: "Hansı xarici ölkənin təcrübəsində belə bir yanaşma var? Özümüzdən Amerika kəşf etməli deyilik. Sanksiyaların tətbiq edilməsinə qarşı deyiləm. Sadəcə istərdim ki, bütün əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olsun. Yalnız bundan sonra şəffaflıqdan danışmaq olar. Əks təqdirdə biz rüşvətxorluq mənbəyi yaradırıq".

Millət vəkili Siyavuş Novruzovun büdcədənkənar vəsait anlayışı ilə bağlı səsləndirdiyi iradlara cavab olaraq Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, büdcədənkənar fondlar tək Azərbaycanda yox, başqa ölkələrdə də var: “Büdcədənkənar fond Maliyyə Nazirliyinin ciddi nəzarəti altında formalaşır. Eyni zamanda Azərbaycanda büdcədənkənar fondlarla bağlı limit qoyulub. Orada xərclənən hər bir vəsait diqqət mərkəzindədir. Adətən, büdcədənkənar vəsait deyiləndə düşünülür ki, bu vəsait maaşlara əlavə üçün xərclənir. Vergilər Nazirliyi kifayət qədər böyük qurumdur, proqram təminatlarının, aparatların alınması üçün böyük vəsait tələb olunur. Büdcə ilin əvvəlində təsdiqləndiyi üçün o proqram təminatlarını, aparatları almaq mümkün olmaz. Digər tərəfdən, sahibkarlıq sübyektlərində yoxlamalar 2 il dayandırılıb, ancaq bu, Vergilər Nazirliyinə aid deyil. Çünki Vergilər Nazirliyinin vəzifəsi vergilərlə bağlı yoxlamadır, büdcə dolmalıdır. Sanksiyalardan büdcədənkənar fonda daxil olan məbləğin həcmi də limiti keçə bilməz”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti