Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti - Vüsal Qasımlının şərhi

Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti - Vüsal Qasımlının şərhi
  19 İyul 2016    Oxunub:2443
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb.
AzVision.az xəbər verir ki, məsələyə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılan Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti böyükdür:

“Bilindiyi kimi, Şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid plaforma yaranır. Əgər Maliyyə Sabitliyi Şurasının tərkibinə baxılsa burada üç tərəfin təmsil olunduğu görünür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat Nazirlikləri, həmçinin Nazirlər Kabinetinə daxil olmayan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondu.

Beləliklə, Azərbaycanda aparılan institutsional islahata əsasən iqtisadiyyata cavabdeh olan hər üç blok qurumlar bir platformada birləşir. Bu mənada Baş Nazirin Maliyyə Sabitliyi Şurasına rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edəcəkdir”.

O, qeyd edib ki, hazırda makro və fiskal siyasəti yürüdən qurumların Nazirlər Kabinetinin strukturunda olması, digər tərəfdən isə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik olan Dövlət Neft Fondunun isə Nazirlər Kabinetinin strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruri edib:

“Bu mənada Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır.

Dünya təcrübəsində Maliyyə Sabitliyi Şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılmışdır. Qardaş Türkiyədə Maliyyə Sabitliyi Şurası 2011-ci ildə yaradılmış və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edib. Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir.

Azərbaycanda da Maliyyə Sabitliyi Şurası uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayacaqdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti