Bağlanan banklar müştərilərinə 25 milyon verdi

Bağlanan banklar müştərilərinə 25 milyon verdi
  09 Avqust 2016    Oxunub:1959
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 25,3 milyon manatdan çox kompensasiya ödənilib.
Fonddan AzVision.az-a daxil olan məlumatda qeyd olunur ki, avqustun 8-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 10,6 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 10,5 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 2,7 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,5 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 25,3 milyon manatdan artıq kompensasiya ödənilib.

25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

AzVision.az


Teqlər:





Xəbər lenti