Deputatlarımız alman həmkarına Qarabağdan danışdılar

Deputatlarımız alman həmkarına Qarabağdan danışdılar
  09 Avqust 2016    Oxunub:1625
Bu gün Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Strenz ilə görüşüblər.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev qonağa Milli Məclis rəhbərliyinin salamlarını çatdırıb. İşçi qrupun fəaliyyətindən söz açıb. Görüşlərin intensivliyini, ölkələrarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini yüksək dəyərləndirib. Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın konkret ciddi addımlar atacağına ümidvar olduğumuzu bildirib.

Deputatlar Fəttah Heydərov, Rafael Hüseynov, Fuad Muradov, Rasim Musabəyov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlamaqla yanaşı, Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsinə təkan verəcək bir sıra təkliflərini də qonağın nəzərinə çatdırıblar.

Açıq və səmimi söhbətə görə minnətdarlığını bildirən Karin Strenz Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dəstəkləndiyini vurğulayıb. Bu ilin mayında Almaniyaya səfər edən Prezident İlham Əliyevin ölkəsində keçirdiyi görüşlər və İqtisadi Forumdakı çıxışına dair xoş təəssüratlarını bölüşüb. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi vacibliyini qeyd edib. Görüşdə səmərəli fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti