Benzin ucuzlaşmayacaq - Rəsmi açıqlama
Qeyd edək ki, adı çəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilib. Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınıb.
"Təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan Ai-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16-na olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3 900 ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib.
Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Nazirlər Kabinetinə daxili bazardakı tələbatı təmin etmək üçün idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət edib. Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb. Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq", - deyə Şirkətdən qeyd olunub.
Bildirilib ki, idxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4 000 ton həcmində idxal benzini ölkəyə gətiriləcək. H.Əliyev adına NEZ-də istehsalat prosesi bərpa olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcək. Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaq.
AzVision.az