`DQR`ın tədbirinə gedənlərin adı “qara siyahı”ya salınacaq
Bununla bağlı XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib: “Göründüyü kimi, Ermənistan tərəfindən bu tədbirlə əlaqədar görülən işlər gizlin şəkildə aparılır və KİV-ə məlumat verilmir. Ermənistanın bu tədbirə gizlin şəkildə hazırlığı əslində onun çirkin niyyətlərindən xəbər verir. Rəsmi Yerevan və lobbi dairələri müəyyən maddi maraq müqabilində bəzi şəxslərin bu tədbirdə iştirak etməsini təmin etməyə çalışır.
Bildiririk ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT Minsk qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir.
Konfransa dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Ermənistanın təbliğat maşınının alətinə çevrilməməyə, təxribatçı məqsədlərə xidmət edən bu konfransda və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırırıq. Müsbət haldır ki, bir sıra ölkələrdən olan ictimai-siyasi xadimlər bu tədbirdə iştirakdan imtina ediblər”.
XİN rəsmisi xüsusi vurğulayıb ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxslərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
AzVision.az