Bayden Trampı rus diktatora baş əyməkdə günahlandırıb

   Bayden Trampı    rus diktatora baş əyməkdə    günahlandırıb
  14 Fevral 2024    Oxunub:2405
ABŞ prezidenti Co Bayden, rəqibi Donald Trampın NATO-nun müdafiə xərclərinə yetərli həcmdə vəsait ayırmayan müttəfiqlərini (NATO-ya üzv ölkələri) Rusiyaya qarşı qorumayacağı ilə bağlı səsləndirdiyi bəyanatı “cəfəng", “utancverici” və "təhlükəli" adlandırıb.
AzVision.az BBC telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Co Bayden Ukrayna, İsrail və Tayvana 95 milyardlıq hərbi yardım layihəsi və onun Konqresdən keçməsinə dair mətbuata açıqlamasının bir hissəsini Donald Trampı qınamağa həsr edib.

Trampın silahdaşı, Nümayəndələr Palatasının sədri Mayk Consonu qanun layihəsini səsverməyə çıxarmağa çağıran və onun qəbul olunacağına əminliyini bildirən Bayden, sabiq prezidentin son açıqlamalarının ABŞ-nin müttəfiqlərinə dəstək göstərməsini aktuallaşdırdığını və bunu daha əhəmiyyətli etdiyini deyib.

“Tramp Putini bəzi NATO müttəfiqlərimizi işğal etməyə dəvət etdi. Onun sözlərinə görə, əgər müttəfiq ölkə müdafiəyə kifayət qədər pul xərcləməsə, o, Rusiyanı “istədiklərini etməyə” təşviq edəcək. ...Tariximizdə heç bir başqa prezident rus diktatoru qarşısında baş əyməyib”, - Bayden deyib.

O, bunu heç vaxt etməyəcəyini vurğulayaraq, NATO öhdəliyini “müqəddəs” adlandırıb və Trampın bu reallığı alyansın “ABŞ-ni və bütün dünyanı qoruması” kimi yox, “yük” kimi gördüyünü bildirib. Bayden onu da xatırladıb ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi (NATO üzvünə hücum hamıya hücum sayılır) yalnız bir dəfə - ABŞ 2001-ci il 11 sentyabr terror aktlarına məruz qalanda istifadə olunub.

“Biz bunu heç vaxt unutmamalıyıq” , - ABŞ prezidenti deyib.

Qeyd edək ki, Donald Tramp ötən həftə Cənubi Karolinada keçirilən mitinqdə hakimiyyətdə olduğu vaxt alyansın sammitində NATO ölkələrindən birinin lideri ilə apardığı söhbəti xatırladıb. Onun dediyinə görə, həmin şəxs NATO-nun normativlərinə əsasən ölkəsinin ÜDM-in 2%-lik hərbi xərclər standartına cavab verməməsinə baxmayaraq, Rusiyanın hücumuna məruz qalacağı təqdirdə ABŞ-nin ona yardım edib-etməyəcəyini soruşub.

“Dedim: ödəmədin, gecikmisən? Yox, o halda səni qorumayacağam, üstəlik, onları nə istəsə, etməyə təşviq edəcəyəm. Siz hesablarınız üzrə ödəniş etməlisiniz”, - Tramp adı açıqlanmayan həmin ölkənin rəhbərinə cavab verdiyini iddia edib.


Trampın bu qəbildən olan bəyanatlarına münasibət bildirən Co Bayden deyib ki, sabiq prezident NATO-ya maliyyə qəsbi aləti kimi yanaşır.

“Mən prezident olduğum müddətdə Putinin NATO müttəfiqinə hücumu baş verərsə, Birləşmiş Ştatlar alyansın ərazisinin hər qarışını müdafiə edəcək”, - Bayden deyib.

Bu sözlərdən əvvəl isə Ukraynaya və digər müttəfiqlərə kömək üçün qanun layihəsi haqqında danışan ABŞ prezidenti Nümayəndələr Palatasının respublikaçı üzvlərinə müraciət edib.

“Siz Ukraynanı dəstəkləyəməyə hazırlaşırsınız, yoxsa Putini? Siz Amerikanın tərəfdarısınız, yoxsa Trampın?” , - Bayden sual verib.

Xatırladaq ki, NATO ölkələri 2014-cü ildə Rusiyanın Krımı ələ keçirməsindən və Donbassda müharibəyə başlamasından sonra hərbi xərcləri ÜDM-in iki faizinə çatdırmaq barədə öhdəlik götürüblər.


Amma müttəfiqlər bu hədəfə yalnız 2030-cu ilə çatacaqlarına qarşılıqlı şəkildə söz veriblər. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin NATO ölkələrini stimullaşdırması nəticəsində hazırda alyansın ilkin hesablamalarına görə, blokun 31 ölkəsindən 18-i bu öhdəliyə əməl edir. ABŞ isə ÜDM-nin 3,5%-ni orduya xərcləyir və mütləq rəqəmlər nisbətində onun hərbi xərcləri bütün digər NATO üzvlərinin xərclərinin cəmindən qat-qat çoxdur.

Trampın tənqidçiləri iddia edirlər ki, avropalıların onları qoruduğuna görə ABŞ-a “borclu olduqları” və “NATO-ya daha çox pul ödəməli olduqları” iddiaları bir neçə səbəbdən həqiqətə uyğun deyil.

Birincisi, hərbi xərclərin həcmi hər bir ölkənin suveren qərarıdır və o, həmin pulu öz silahlı qüvvələrinə xərcləyir və hansısa “NATO büdcəsinə” qatmır.

İkincisi, Birləşmiş Ştatlar hər il yüz milyardlarla dolları hərbi ehtiyaclara, ilk növbədə öz maraqlarına və mülahizələrinə əsaslanaraq xərcləyir - heç bir NATO müttəfiqi Vaşinqtonu buna məcbur etmir.

Üçüncüsü, ABŞ-nin hərbi xərclərinin çox cüzi bir hissəsi birbaşa Avropadakı qoşunlara və təlimlərə gedir. Buna görə də, onun bütün hərbi büdcəsini NATO müttəfiqlərinin müdafiəsinə töhfə hesab etmək tamamilə düzgün deyil.

Hər kəsin öz həqiqəti var

Bu iddialar hüquqi və məntiqi baxımdan düzgün olsa da, vaxtı ilə məhz Donald Trampın sərt tələbləri nəticəsində Avropa ölkələri ÜDM-in 2%-ini hərbi xərclərə yönəltmək barədə öhdəliklərini yavaş-yavaş yerinə yetirməyə başladılar. Həmin tələb isə Trampın şıltaqlığından yox, Rusiyanın və Çinin geosiyasi iddialarının sərtləşməsindən irəli gələn tələb idi.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsindən sonra Avropanın hərbi Təhlükəsizlik arxitekturasının müəllifi və indiyədək də qarantı məhz ABŞ-dır. Demokratlardan fərqli yanaşma sərgiləyən respublikaçılar ABŞ-nin həm Avropanın təhülkəsizliyinin qarantı olmasının, həm də bu xərclərin böyük hissəsini öz üzərinə götürməsinin əleyhinədirlər. Onların fikrincə, artan təhdidlərdən qorumaq istəyən öz müdafiəsi üçün zəruri olan həcmdə vəsait ayırmalıdır.

ABŞ-nin hərbi xərclərini daha çox öz maraqlarına uyğun şəkildə xərcləməsi barədə spekulyativ bəyanatlara gəldikdə isə, demək olar ki, Avropa İttifaqına və NATO-ya üzv olan ölkələrin mütləq əksəriyyətinin ən azı son 30 ildə Vaşinqtonun vassalına çevrildiyi həqiqətini unutmaq lazım deyil . Bunun üçün Avropanın və NATO-nun aparıcı ölkələrində kimlərin məhz ABŞ-nin xeyir-duası ilə hakimiyyət kreslosunda oturdulmasına nəzər salmaq kifayətdir.

Doğrudanmı, Donald Trampın hakimiyyətə qayıdacağı təqdirdə bu şəxslər ona etiraz etmək iradəsinə malikdirlər? Onun ilk prezidentliyi dövrü sübut etdi ki, onların hamısı “mətbəx etirazları”ndan sonra ekssentrik Trampla görüşəndə “bəçeşm” deməyi ayıb saymırdılar. Hətta Tramp onların bəzilərinə qarşı açıq-aşkar aşağılayıcı hərəkətlərinə belə miskincəsinə gülümsəməklə reaksiya verirdilər. İndinin özündə də Avropa İttifaqının və NATO-nun aparıcı ölkələrinin liderləri müstəqil siyasi fiqur kimi yox, Trampın hakimiyyətə qasyıtmasını əngəlləməyə çalışan Ağ Evin demokratlar administrasiyasının əlində əlverişli alət qismində çıxış edirlər.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Bayden   Tramp  





Xəbər lenti