Türk birliyi qlobal gücə çevrilir

   Türk birliyi qlobal gücə çevrilir
  06 Aprel 2024    Oxunub:1093
Eyni milli və mədəni dəyərləri bölüşən türk dövlətlərinin sıx və səmərəli əməkdaşlığı sürətlə dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu, türk dövlətlərinin daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli mənafe və maraqlarını layiqli şəkildə təmin etmələri baxmından olduqca vacibdir.
Son dövrlərdə baş verən hadisələrə nəzər saldıqda türk dövlətlərinin və onların liderlərinin bu məsələyə necə böyük diqqət yetirdiklərini görə bilərik. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri xüsusilə təqdirəlayiqdir. Azərbaycan türk dövlətləri arasında yeganə dövlətdir ki, həyata keçirdiyi iqtisadi layihələrlə həm türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsini təşviq edir, həm də bütövlükdə Türk dünyasının qlobal proseslərdəki mövqelərini möhkəmləndirir. Məsələn, Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur olmaqla yanaşı, Türkiyədən Orta Asiyaya qədər türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasında mühüm təsir göstərib. Bu yolun türk dövlətləri arasındakı iqtisadi əlaqələrdə rolu nəzərə alınaraq, yenə də Azərbaycanın təşəbbüsü ilə ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Bu məqsədlə layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq.

Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri istər birbaşa, istərsə də dolayısı ilə bütün türk dövlətlərini birləşdirir. Bakı-Tbilisi-Ceyhan neft və Cənub Qaz Dəhlizi Qazaxıstan və Türkmənistanın Xəzərdən hasil etdikləri karbohidrogen ehtiyatların ixracı imkanlarının genişlənməsinə səbəb olub. Eyni zamanda bu layihələr qardaş Türkiyənin enerji təhlükəsizliyini daha da gücləndirib. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Fevralın 7-də keçirilən prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Bu dövrdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Türk dövlətləri ilə əlaqələrin daha da gücləndirilməsi olacaq. Bunu Prezident İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bəyan etdi. O, türk dövlətləri arasında əlaqələrə böyük yer ayıraraq, türk xalqlarını bir ailə kimi dəyərləndirdi. Bu doğrudan da belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın göstəricisi idi. Vətən müharibəsi dövründə türk dövlətlərinin hamısı Azərbaycana birmənalı dəstəklərini ifadə etdilər. Torpaqlarımızın azad edilməsi həm də bütün Türk dünyasının uğuru oldu. Bu Zəfər türk dövlətlərini daha da yaxın və həmrəy etdi.


Beləliklə, Prezident İlham Əliyev beynəlxalq fəaliyyətdə prioritet olaraq Türk dünyası ilə əlaqələri müəyyən edir. Təməli 2009-cu ildə Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatı isə Türk dünyasının birliyinin və gücünün ifadəsidir. Üzv ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan ərazidə yerləşmələri bu təşkilatın beynəlxalq münasibətlər sisteminin güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bunun üçün türk dövlətlərində gərəkli olan möhkəm milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var. Azərbaycan dövləti bu istiqamətdə öz üzərinə düşən missiyanı davam etdirəcək, hər zaman Türk dünyasının güclənməsinin lokomotivi olacaq. İyul ayında təşkilatın bütün üzvlərinin, o cümlədən, Prezident İlham Əliyevin dəvətinə əsasən Şimali Kipr Türk Cümhuriyyətinin iştirakı ilə Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi Qarabağdan dünyaya verilən türk birliyi mesajına çevriləcək.

Prezident İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi də yalnız Azərbaycanla Türkiyə arasında deyil, bütün Türk dünyası arasında mənəvi bağlılığın daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisəyə çevrildi. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı dediyi kimi, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Nəhayət, mart ayının 11-12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkənin münasibətlərinin inkişafını yeni mərhələyə daşımaqla yanaşı, dünyaya verilən mühüm mesajlarla əlamətdar oldu. Bu səfərin müddəti, qrafiki, prezidentlərin açıqlamaları bir daha göstərdi ki, sürətlə dəyişən dünya nizamında Türk dövlətləri öz uğurları və əlaqələrin inkişafı ilə bütün Türk dünyasının yüksəlişinə töhfə verməyi prioritet istiqamətlər kimi müəyyən ediblər. Ona görə bu səfər bütün Türk dünyasının əlamətdar hadisələrindən biri kimi tarixə düşdü.

Qazaxıstan Prezidentinin ölkəmizə səfər zamanı Füzuli və Şuşaya getməsi həm də qardaş dövlətin Azərbaycanın Zəfərinə və haqq işinə dəstəyinin ifadəsinə çevrildi. Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş türk dövlətinin Azərbaycana hədiyyəsi olmaqla yanaşı, bir daha təsdiq etdi ki, bütün Türk dünyası Qarabağ zəfəri ilə öyünür və qürur duyur.


Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu da türk dövlətləri və xalqları arasında əlaqələrin inkişafında fəal iştirak edir. Fondun türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı gördüyü işlər bu məqsədə xidmət etməkdədir. Fond fəaliyyətə başladığı gündən yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı ilə türk xalqlarının mədəniyyətinin və irsinin qorunub saxlanması və təbliğinə yönəlmiş müxtəlif iri beynəlxalq konfranslar, festivallar, dəyirmi masalar, sərgilər və digər tədbirlər keçirib. Fondun tərəfdaşlıqlarının sayının artması bir sıra beynəlxalq təşkilatlar və dövlət qurumları ilə Anlaşma Memorandumlarının imzalanması ilə nəticələnib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın mart ayının 18-20-də Fransaya səfəri zamanı keçirdiyi görüşlər də göstərir ki, Fond qarşısında dayanan vəzifələrin həyata keçirilməsi üçün məqsədyönlü işlər aparmaqdadır. Səfər zamanı Fondun prezidentinin Türk ölkələrinin UNESCO yanında daimi nümayəndələri, Türk dövlətlərinin Fransadakı fövqəladə və səlahiyyətli səfirləri, UNESCO-nun Baş direktorunun müavinləri ilə görüşləri keçirilib. Görüşlərdə Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə geniş təbliği istiqamətində əməkdaşlıq, eləcə də cari və növbəti illər üçün nəzərdə tutulmuş birgə layihələr müzakirə edilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin növbəti önəmli səfəri isə Türkmənistana oldu. Aktotı Raimkulova “Anev - Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2024” ilinin açılış mərasimi çərçivəsində "Qədim Anev mədəniyyəti" mövzusunda təşkil olunan beynəlxalq konfransda çıxış edib.

Aktotı Raimkulova çıxışında Türk Dünyasının zəngin mədəni-tarixi irsə malik Anevdə bir araya gətirilməsini Türk dövlətlərinin mədəniyyətinin yaşadılması, qorunması və təşviqi ilə bağlı birgə öhdəliyin təzahürü kimi qiymətləndirib.

Fondun prezidenti qloballaşan dünyada mədəni irs amilinə qarşı yaranan təhlükələrə toxunaraq, Türk dövlətlərinə məxsus ümumi dəyərlərin nəsildən-nəslə ötürülməsinin vacibliyini vurğulayıb. Aktotı Raimkulova Fond tərəfindən Türk xalqlarının maddi-mənəvi irsinin mühafizəsi və bərpası sahəsində aparılan işlərdən və planlaşdırılan layihələrdən bəhs edib.
Fondun prezidenti Türk Əməkdaşlıq Təşkilatlarının qarşılıqlı fəaliyyətlərinin və birgə səylərinin Türk dünyasının inteqrasiyasının və həmrəyliyin daha da gücləndirilməsi yönündə mühüm əhəmiyyətini bildirib.

Bu gün bütün türk dövlətləri sürətli inkişaf yolundadır. Və bu inkişaf, həyata keçirilən iqtisadi layihələr Türk dünyasının güclənməsinə böyük töhfələr verir. Əsası odur ki, hər bir türk dövləti Türk dünyasının güclənməsi və türk birliyinin qlobal gücə çevrilməsi ilə bağlı güclü siyasi iradə nümayiş etdirir.


Günel Yaz
AzVision.az üçün


Teqlər: Türk-Birliyi  





Xəbər lenti