ABŞ-də Rusiya ərazisini almaq təklif olunub | VİDEO

   ABŞ-də Rusiya ərazisini almaq təklif olunub    | VİDEO
  29 İyul 2025    Oxunub:632
Amerikalı polkovnik-leytenant Ceffri Frits ABŞ hakimiyyətinə Çinin bölgədəki hərəkətlərini izləmək üçün Komandor adalarını Rusiyadan 15 milyard dollara almağı təklif edib.
AzVision.az xəbər verir ki, “Breaking Defense” nəşri üçün yazdığı məqalədə hərbçi Komandor adalarının Çinin Tszyanqeçjuan dəniz bazasından Arktikaya qədər potensial marşrut boyunca yerləşdiyinə diqqət çəkib.

“ABŞ bu potensial sövdələşmənin bir hissəsi kimi təkcə adaları deyil, həm də onların ətrafındakı müstəsna iqtisadi zonanı, təbii ehtiyatları və infrastrukturu almalıdır. Bu, ölkənin eksklüziv iqtisadi zonasının ərazisini 3,8% artıracaq”, - Ceffri Frits vurğulayıb.

Onun ehtimalına görə, Komandor adaları, məsələn, ABŞ-nin XIX əsrdə elə Rusiyadan aldığı Alyaska ştatının bir hissəsi ola bilər.

Qrenlandiya neçəyədir?
Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bəyan etmişdi. Onun fikrincə, bu, milli təhlükəsizlik və “azad dünya”nın qorunması üçün strateji əhəmiyyət kəsb edir.

Lakin Danimarka hakimiyyəti ABŞ prezidentinin bu ideyası ilə razılaşmır. İyunun 5-də Danimarkanın baş naziri Mette Frederiksen Trampın ada ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb və danimarkalıların Ağ Ev rəhbərinə “əyilməyəcəyini” vurğulayıb.

Bununla belə, iyunun 17-də Pentaqonun sözçüsü Şon Parnell Donald Trampın Amerika ordusunun döyüş komandanlığının planını dəyişdiyni və Qrenlandiyanı ABŞ-nin Şimal Komandanlığının nəzarəti altına verdiyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Komandor  



Xəbər lenti