Ukrayna Rusiyanın hava zərbələrinə məruz qalıb

Ukrayna Rusiyanın hava zərbələrinə məruz qalıb
  02 Sentyabr 2025    Oxunub:894
Sentyabrın 2-nə keçən gecə Rusiya növbəti dəfə Ukrayna ərazilərinə PUA-lar vasitəsilə zərbələr endirib.
AzVision.az Ukrayna mediasına və yerli hakimiyyət orqanlarının məlumatına istinadən xəbər verir ki, Kiyev vilayətinin Belaya Tserkov şəhərinə hücum zamanı bir kişi həlak olub.

“Kişinin cəsədi qaraj kooperativində yanğını söndürərkən tapılıb. Yanğınlar şəhərdə sənaye müəssisələrində və ticarət obyektlərində baş verib. Bir neçə çoxmərtəbəli binanın pəncərələri sındırılıb”, - vilayət hərbi administrasiyasının (VHA) rəhbəri Nikolay Kalaşnik öz Telegram-kanalında yazıb.

Rusiya ordusu da Sumı vilayətinə də zərbələr endirib. Regional VHA-nın rəhbəri Oleq Qriqorovun sözlərinə görə, pilotsuz təyyarələrin şəhərin Zareçnı rayonunda yaşayış olmayan tikililərinə hücumu nəticəsində böyük yanğın baş verib.

- Yaxınlıqda uşaq bağçası yerləşir. Təəssüf ki, yaralılar var”, - Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar əlavə edib.

NATO-Ukrayna şurasının təcili iclası olacaq
Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Krivoşeyenkonun sözlərinə görə, yaralananlar arasında uşaq da var.

Bundan əlavə, ötən gecə Odessa vilayətinin İzmail rayonunun liman infrastrukturu da rusların hücumuna məruz qalıb.

“Təhlükəyə vaxtında cavab verilməsi sayəsində əhəmiyyətli dağıntıların və insan tələfatının qarşısını almaq mümkün olub”, - İzmail rayon dövlət administrasiyasının məlumatında deyilir.

Sentyabrın 1-i axşam saatlarında isə Rusiya PUA-ları Ukraynanın Çerniqov vilayətinin Qorodnya şəhərinə zərbələr endirib. VHA-nın rəhbəri Vyaçeslav Çausun sözlərinə görə, 14 yaşlı qız və 50 yaşlı yerli sakin yaralanıb. Xerson vilayətində Belozerka kəndinə pilotsuz təyyarənin hücumu nəticəsində isə 73 yaşlı kişi həlak olub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya son irimiqyaslı hücumlarına cavab olaraq sentyabrın 1-də Kiyevin xahişi ilə Brüsseldə NATO-Ukrayna Şurasının növbədənkənar iclasının keçiriləcəyi nəzərdə tutulurdu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti