`İntihar etmək istəylənlərin sayı artıb` - Mərkəz direktoru

`İntihar etmək istəylənlərin sayı artıb` - Mərkəz direktoru
  10 Oktyabr 2016    Oxunub:2269
“Depressiyada olanların demək olar ki, 20 faizi intihar etmək barəsində fikirləşir”.
AzVision.az xəbər verir k, bunu Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev jurnalistlərə açıqlamasında deyib. Rüstəm Salayev bildirib ki, bu çox böyük rəqəmdir.

“Bu il bir çox intihar hallarını vaxtında aşkar etdiyimizdən onların qarşısını ala bilmişik. Mərkəzə müraciət edənlər sırasında yaş kateqoriyası yoxdur. Yəni uşaqdan böyüyə kimi hər kəs bizə müraciət edə bilər. Son zamanlar isə daha çox gənclər (əsas da 25-30 yaş arası) Mərkəzə müraciət edir. Onların həyatla bağlı stress keçirdiklərini güman edirik”.

Direktor qeyd edib ki, sonuncu devalvasiyadan sonra psixoloji müayinə üçün müraciət edən oğlan və kişilərin sayı 30-40 faiz artıb: “Bunun da səbəbi ailə münaqişəsi və yaşadıqları maddi sıxıntılarla bağlıdır. Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə artır. Bu, xəstələrin artması ilə əlaqədar deyil. Sadəcə insanlar əvvəl həkimə müraciət etdikdə psixi xəstə damğası alırdı, lakin indi bu problem elə də yoxdur. Yəni insanlar bu gün çəkinmədən rahat şəkildə psixiatra müraciət edə bilirlər. Bu da öz növbəsində müraciətlərin sayını artırır. Ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur”.

Direktor müavini əlavə edib ki, hazırda 80 min şəxs dispanser müşahidəsindədir:
“Təbii ki, bu rəqəm daim dəyişir. Çünki çox vaxt yekunda insan ya sağalır, ya da ölkəni tərk edir”. Direktor müavini qeyd edib ki, müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər bütövlükdə hər cür problemlər yer alır: “Eyni zamanda, depressiyalarla bağlı da müraciətlər çoxluq təşkil edir. Bundan başqa, ruhi xəstəliklərlə bağlı da bizə müraciət edənlər olur”.

Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Kərimova isə bildirib ki, Səhiyyə Nazirliyinin qərarı ilə ən çox ehtiyac duyulan müəssisələrdə artıq psixoloqlar fəaliyyət göstərir və bunun sahəsi getdikcə genişləndiriləcək. Səbinə Kərimovanın sözlərinə görə, son illər Azərbaycanda psixoloji müayinələrin sayı artıb: “ Belə ki, əvvəllər insanlar psixoloqa müraciət etməyə utanırdılar. Ancaq indi insanların intellektual səviyyəsi, dünyagörüşü artdıqca psixoloji durumlarına daha çox diqqət ayırmağa başlayırlar. Əvvəl stiqma var idi. Psixoloqa, psixiatra müraciət edənlərə xəstə, problemi biri kimi baxırdılar. Hal-hazırda bu stiqma yavaş-yavaş aradan qalxıb”.

O, əlavə edib ki, hazırda Azərbaycanda psixoloji xəstəliklərdən əziyyət çəkən kimi qeydiyyatda 80 min nəfər var. Ümumilikdə isə il ərzində dispanser qeydiyyatda olanların sayı 70-82 min nəfər arasında olur.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti