Prezident dörd səfirin etimadnaməsini qəbul edib

Prezident dörd səfirin etimadnaməsini qəbul edib
  27 Oktyabr 2016    Oxunub:1701
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.
AzVision.az xəbər verir ki, səfir Enrike Delqado Xenta fəxri qarovul dəstəsinin qarşısından keçdi. Enrike Delqado Xenta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafında son vaxtlar müsbət irəliləyişlərin olduğunu deyən dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay nümayəndə heyətinin fəal iştirakının önəmini vurğulayaraq Uruqvay nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırladı. Uruqvay nümayəndə heyətinin bu Forumda ənənəvi olaraq iştirak etdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar yaratdığını dedi. Son vaxtlar Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yaxşı dinamikanın olduğunu vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində səfirin fəaliyyətinin də çox böyük əhəmiyyət daşıdığını bildirdi.

Səfir Enrike Delqado Xenta Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini dedi. Uruqvaylı diplomat kifayət qədər yeni olan ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğuladı. Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.

İlham Əliyev həmçinin Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib. Səfir Kodzo Kpoku Alabo fəxri qarovul dəstəsinin qarşısından keçdi. Kodzo Kpoku Alabo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Kodzo Kpoku Alabo Qana Respublikasının Prezidenti Con Dramani Mahamanın salamlarını Prezident İlham Əliyevə çatdırdı və bildirdi ki, Qana Prezidenti səfirə Azərbaycan Respublikası ilə Qana Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib. Kodzo Kpoku Alabo ilk olaraq Azərbaycan ilə Qana arasında siyasi məsləhətləşmələr haqqında Sazişin imzalanması, diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd etdi.

Kodzo Kpoku Alabo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Dövlətimizin başçısı Qana Prezidenti Con Dramani Mahamanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana Prezidentinə çatdırmağı xahiş etdi.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib. Səfir Telar Rinq Denq fəxri qarovul dəstəsinin qarşısından keçdi. Telar Rinq Denq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd etdi.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Telar Rinq Denq bunun ölkəmiz ilə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Azərbaycana ilk dəfədir səfər etdiyini deyən səfir Bakının gözəl şəhər olduğunu vurğuladı. Cənubi Sudanın dünya xəritəsində ən yeni ölkələrdən biri olduğunu xatırladan səfir Telar Rinq Denq ölkəsinin Azərbaycan ilə yaxşı ikitərəfli əlaqələr quracağına ümidvar olduğunu bildirdi.

İlham Əliyev həmçinin Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib. Səfir Kristofer Con Kuter fəxri qarovul dəstəsinin qarşısından keçdi. Kristofer Con Kuter etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Kristofer Con Kuter paytaxtımızın inkişafının onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Kristofer Con Kuter Kanadanın bir sıra mühüm şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində fəaliyyət göstərdiklərini qeyd etdi. Azərbaycanlı tələbələrin Kanada universitetlərində təhsil aldıqlarını məmnunluqla qeyd edən Kristofer Con Kuter ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Kanadalı diplomat ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi. Kanada şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyətinə toxunan dövlətimizin başçısı həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Bakıda fəaliyyət göstərən Kanada şirkətlərinə məxsus beşulduzlu iki otelin – “Four Seasons” və “Fairmont” otellərinin regionda ən yaxşı otellərdən olduqlarını bildirdi. Dövlətimizin başçısı “Fairmont” otelinin yerləşdiyi müasir memarlıq üslubunda inşa edilən “Alov qüllələri” kompleksinin Bakının yeni simvollarından biri olduğunu dedi.

Prezident İlham Əliyev Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti