`Gələcəyin necə olacağını dəqiq bilmirik` - Nazir

`Gələcəyin necə olacağını dəqiq bilmirik` - Nazir
  31 Oktyabr 2016    Oxunub:2515
AzVision.az xəbər verir ki, festivalda AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digərləri iştirak edir.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, əgər 1990-cı ildə respublikada 105,1 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb: “Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artıb.
Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min insan elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 11.874 nəfəri fəlsəfə doktoru, 2.495 nəfəri isə elmlər doktorudur. Gələcəyin necə olacağını biz dəqiq bilmirik, lakin gələcəyin bizim bugünkü fəaliyyətimizdən asılı olduğunu yaxşı dərk edirik. Çünki hər bir dövlətin davamlı inkişafinı təmin edən onun təhsilli vətəndaşları və yüksək ixtisaslı mütəxəssisləri olmalıdır.

Nazir qeyd edib ki, elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması da dövlətimizin diqqət mərkəzindədir: “Bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində iş aparılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın son 2 ildə üstünlük ali təhsilin magistratura və doktorantura səviyyələrinə verilib, yalnız 2015-ci ildə seçilmiş 373 təqaüdçüdən 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidenturada təhsil almaq hüququ qazanıb. Bu Proqram ölkəmizdə gənc milli elmi elitanın formalaşdırılmasına güclü təkan verəcək. 2008-ci ildən başlayaraq ümumtəhsil məktəblərində Kiçik Akademiyalar yaradılmağa başlanıb. Həmin Akademiyaların fəaliyyəti alimlərlə əlaqələrin yaradılması, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, şagirdlər üçün müsabiqələrin təşkil edilməsinə yönəldilib”.

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən biri, ola bilsin ki, ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə elmin gücündən istifadəni genişləndirməkdir: “Bunun üçün Təhsil Nazirliyi Milli Elmlər Akademiyası, ölkədə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birlikdə elm və təhsilin arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə səy göstərir. Bu sahədə görülən tədbirlərin nəticəsidir ki, impakt-faktorlu jurnallarda 2014-cü ildə alimlərimizin 300 məqaləsi dərc edilibsə, 2015-ci ildə bu göstərici 604-ə yüksəlib”.

Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 5-dək Bakı ilə yanaşı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək festival AMEA-nın təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Prezident yanında Bilik Fondu, Prezident yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti