Prezidentin Lələtəpədən verdiyi mesajlar - ŞƏRH

Prezidentin Lələtəpədən verdiyi mesajlar - ŞƏRH
  14 Noyabr 2016    Oxunub:8039
Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı aprel döyüşlərində erməni işğalından azad edilən Lələtəpədə olub. Ali baş komandan Lələtəpədən mühüm mesajlar verib.

“Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

Ölkə başçısı qeyd edib ki, ordunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

“Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik”, - deyə Ali Baş Komandan vurğulayıb.



Dövlət başçısının çıxışını şərh edən millət vəkili Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, orada çoxsaylı obyektlərin açılışında içtirak etməsi, cəbhəyanı regionda əhali ilə görüşməsi mühüm hadisədir: “Əlbəttə ən önəmili hadisə Prezident İlham Əliyevin işğalçı dövlətin hərbi xunta rejiminə təmas xəttindən göndərdiyi mesajlar idi. Mən hadisə sözünü təsadüfən işlətmirəm. Bir şeyə xususi diqqət etmək lazımdır ki, Prezidentin səfəri ilə eyni vaxtda Ali Baş Komandanımızın əmrinə uyğun olaraq Azərbaycan ordusu 60 min nəfərlik şəxsi heyətin və ən müasir hərbi texniki vasitələrin iştirakı ilə təmas xətti yaxınlığında hərbi təlimlər keçirir. Buna paralel olaraq bir neçə gün əvvəl bir qrup Ermənistan vətəndaşı Bakıya səfər edib və erməni hərbi-cinayətkar rejiminin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, etiraf edir və cinayətkarları ittiham edir. Eyni zamanda Azərbaycan Prezidenti işğalçı dövələti xəbərdar edir ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.

Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Düşünürəm ki, bütün bu hadisələr arasında sisitemli bir əlaqə var. Aprel döyüşlərinin xüsusi vurğu ilə ermənilərə xatırladılmasının arxasında isə ayrıca bir məna və xəbərdarlıq var. Azərbaycan Prezidenti əmindir ki, Dağlıq Qarbağ probleminin həllində keyfiyyətcə yeni bir mərhələ formalaşdırıb. Hərbi, siyasi, iqtisadi və diplomatik parametrlər üzrə bu mərhələ Azərbaycanın lehinədir və yeni şərtlər Azərbaycanın sistemli, məqsədyönlü və ardıcıl siyasəti sayəsində meydana çıxıb. Azərbaycanın əleyhinə olan şərtlər neytrallaşdırılıb. Ona görə də cənab Prezident qeyd etdi ki, Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Bax, bu mesaj da hesab edirəm ki, düzgün oxunmalıdır və nəyə işarə vurulduğu aydın dərk edilməlidir. Yəni, Ali Baş komandanımız vurğulayır ki, bu vaxta qədər çox cdidi dəstək aldığınız dövlət, yaxud dövlətlər artıq sizi müdafiə etməyəcək. Nəhayət, bunu başa düşün və işğal etdiyiniz Azərbaycan torpaqlarından çəkilin. Hesab edirəm ki, bu olduqca ciddi xəbərdarlıqdır və ermənilər bundan nə qədər tez nəticə çıxarsalar, bir o qədər yaxşı olar”.



Millət vəkili Elman Məmmədov AzVision.az-a bildirib ki, Azərbaycan prezidentinin Lələtəpədən həm düşmənə, həm də onun himayədarlarına açıq şəkildə mesajı göstərir ki, düşmən işğala son verməsə, müharibə hər an alovlana bilər: “Münaqişənin dondurulmuş olmadığı, sonun nə ilə nəticələnəcəyini Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə bildirib. Azərbaycan işğal olunmuş torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və münaqişə sülh və ya güc yolu ilə Azərbaycanınn xeyrinə həll olunmalıdır. Azərbaycanın son genişmiqyaslı hərbi təlimləri göstərir ki, Ermənistan sülhə gəlməsə, münaqişənin güc yolu ilə həlli qaçılmazdır. Ermənistan sülhə gəlməli və işğala son verməlidir”.

E.Məmmədov vurğulayıb ki, münaqişənin həll olunmaması və vəziyyətin bu səviyyəyə gəlib çatmasına səbəb ATƏT-in Minsk qrupunun qeyri-qənaətbəxş fəaliyyəti və işğalçıya heç bir təzyiq metodunun tətbiq edilməməsidir: “Bu gün Azərbaycan öz gücü, qüdrətli ordusu, xalqının iradəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və biz buna doğru gedirik. Əgər düşmən işğala son qoymasa, proseslərdən düzgün nəticə çıxarmasa, yaxud bu məsələdə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu işğalçını sülhə məcbur etməsə, güc yolu ilə işğala son qoymaq qaçılmaz olacaq. Genişmiqyaslı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu son hazırlıqlara başlayıb və bundan sonra qüdrətli Azərbaycan ordusu öz sözünü deməyə məcbur olacaq. Biz buna qadirik. Sadəcə Azərbaycan qarşı tərəfə, onun himayədarlarına başa salır ki, müharibə hər an alovlana bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti