Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlanır - Detallar (Yenilənib)

Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlanır - Detallar (Yenilənib)
  28 Noyabr 2016    Oxunub:4307
“Xocalı faciəsinin törədilməsindən 25 il ötür. Bununla bağlı yeni qanun layihəsi hazırlanır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

MM-in sədr müavini “Xocalı faciəsi ilə bağlı ədalət məhkəməsinin təmin olunması” mövzusunda çıxış edib.

B.Muradova qeyd edib ki, soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsi hazırlanır: “Nəzərdə tutuduğumuz qanun layihəsini Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim edə biləcəyik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Deputat Azay Quliyev çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir.

***

“Xocalı faciəsi ilə bağlı yeni qanun layihəsi Milli Məclis tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil: “Biz qanun layihəsinin hazırlanması ilə bağlı beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. İlk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.

N.Səfərov qeyd edib ki, qanun layihəsində beynəlxalq cinayətlər törədənlərin ekstradiyası məsələsi təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq: “Qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərinin həyata keçirməsi mümkün ola bilər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və konsepsiyasının irəli sürülməsi təkcə qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir.

Komitə sədri bildirib ki, beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi qanun layihəsinin hazırlanması aktualdır: “Azərbaycan dövləti Xocalı soyqırımının araşdırılması üçün hüquqi müstəvidə çox ciddi addımlar atıb. Hərbi Prokurorluq Xocalı faciəsi ilə bağlı ciddi araşdırmalar aparır və demək olar ki, hər il bu hadisə ilə bağlı yeni məlumatlar əldə edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti