Sarkisyan niyə təxribata əl atır? - Deputat şərh etdi

Sarkisyan niyə təxribata əl atır? - Deputat şərh etdi
  29 Dekabr 2016    Oxunub:3862
Yeni il ərəfəsində Ermənistan tərəfindən başladılan təxribat təsadüfi deyil.

Bu fikirləri AzVision.az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan təxribatlara əl ataraq diqqəti sosial məsələlərdən uzaqlaşdırmağa, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə və bu məsələdə Ermənistanın söz sahibi olduğunu isbat etməyə çalışır: “Ermənistanda gələn ilin martında parlament seçkiləri keçiriləcək. Sarkisyan hakimiyyəti yenidən parlamentdə çoxluğu əlində saxlamağa çalışır. Amma, bu onlar üçün çətin olacaq. Serj Sarkisyanın həyata keçirdiyi siyasət ölkənin iflic vəziyyətinə düşməsinə, əhalinin kasıblaşmasına və kütləvi şəkildə xaricə köçməsinə səbəb olub”.

Millət vəkili vurğulayıb ki, düşmən təxribatına Azərbaycan ordusu layiqli cavab verib: “Ermənistan tərəfi Azərbaycanın həm yüksək professional hazırlığını, həm də müasir silahlarını istifadə etməsi ilə üzbəüz qalıb. Bu baxımdan Ermənistan və onu müdafiə edən bəzi xarici dairələr növbəti dəfə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın status-kvo ilə razılaşmayacağını və situasiyanı özünün ərazi bütövlüyü prinsipinə uyğun olaraq dəyişməyə çalışacağı ilə rastlaşmalı oldular. Azərbaycan ordusu növbəti dəfə özünün yüksək hazırlığını və ərazi bütövlüyünü təmin etmək üçün istənilən addımı atmağa hazır olduğunu göstərdi”.

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan Azərbaycan reallıqları ilə hesablaşamlı olacaq: “Sarkisyanın rəsmi təbliğat maşını çalışır ki, Bakı Sülh platforması məsələsinə toxunmasın. Çünki, bu məsələ böyüyür və Ermənistanda, eyni zamanda xarici ölkələrdə yaşayan ermənilər bu platformanı dəstəkləyirlər. Burada iki məsələ var. Birinci, Azərbaycan tərəfindən ortaya qoyulan problemin sülh yolu ilə həlli platforması, ikinci isə Ermənistan tərəfindən yaradılan qarşıdurma, müharibə, vəziyyəti gərginləşdirmə siyasətidir. Aprel ayında cəbhədə vəziyyət gərginləşəndə Serj Sarkisyan bütün dünyaya yalvararaq hərbi əməliyyatların dayandırılmasını xahiş etdi və iki dəfə danışıqlarda iştirak etdi. Görünür, Sarkisyan və onun komandasının yaddaşı zəifdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti