Ötən il ölkə üzrə 36 368,9 litr qan tədarük olunub

  11 Yanvar 2017    Oxunub : 1095
Ötən il ölkə üzrə 36 368,9 litr qan tədarük olunub

"Ötən il ərzində 36 368.9 litr qan tədarük edilib. Aşura günü 4 141 nəfər qan verib, tədarük edilən qanın miqdarı isə 1863,8 litr olub”.

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, keçən il Mərkəzi Qan Bankı üzrə donor sayı 44 393 nəfər, respublika üzrə 11 ay ərzində donor sayı 76 692 nəfər olub.

N.Abbasova qeyd edib ki, donorların verdiyi qanlardan 17 952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7 324 vahid eritrosit kütləsi və 4 062 vahid TDP isə Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan xəstələrə buraxılıb.

Direktor müavini əlavə edib ki, 2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6 % artaraq 75 184 nəfər olub: “Bu rəqəmin təxminən 54,5 %-i bankın donorlarının payına düşür. Yəni, 40 972 nəfər donor Mərkəzi Qan Bankına qan verib. Donor sayının artması ilə bağlı təbii ki, tədarük olunan qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım edilib. Respublika üzrə 2010-cu ildə 21 ton 131 lit tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 73,2 % artaraq 36 ton 598 litrə kimi yüksəlib”.

Aytən Zəhra
AzVision.az

Teqlər: