İki uzunqulağın arpasını bölə bilməyənlər - Onlar kimlərdir?

  11 Yanvar 2017    Oxunub : 2991
İki uzunqulağın arpasını bölə bilməyənlər - Onlar kimlərdir?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında mühüm mesajlar verib. Ölkə başçısı çıxışında bildirib ki, bəzi qeyri-hökumət təşkilatları Azərbaycana ləkə vurmağa çalışır. Prezident anti-Azərbaycan kampaniyası aparan qüvvələrə ataları sözü ilə cavab verib

“Müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır”-deyə ölkəs başçısı vurğulayıb.



Millət vəkili Musa Quliyev hesab edir ki, ölkə başçısının çıxışı Azərbaycanın post-neft dövrü üçün strateji yol xəritəsidir: “Ötən gün keçirilən müşavirədəki çıxışı ilə cənab prezident bizə yeni dövrdə necə yaşamaq, necə işləmək, necə zəngin, qüdrətli Azərbaycan qurmağın yollarını və qısaca onun konspektini göstərdi. İstər iqtisadi, istər siyasi, istər sosial, istərsə də beynəlxalq münasibətlər sahəsində indiyə qədər keçdiyimiz yolu təhlil etdi və gələcək yolumuzun istiqamətini bizə göstərdi.

Müşavirdə cənab prezident iqtisadiyyatımızla bağlı çox maraqlı fikirlər söylədi. O cümlədən beynəlxalq ekspertlərin və Azərbaycana guya yardım göstərmək istəyən beynəlxalq qurumların bizə olan münasibətinə qarşı öz mövqeyini ortaya qoydu. Bildirdi ki, Azərbaycanla heç kəs diqtə yolu ilə danışa, böyüklük etmək iddiasında ola bilməz. Azərbaycan hər kəslə beynəlxalq münasibətlərin bərabər hüquqlu üzvü kimi münasibət qurmağa həmişə açığıq. Amma, münasibətlər bərabər şərtlər və maraqlar çərçivəsində qurulsun. Azərbaycan bu gün Avropanın əsas neft və qaz təchizatçılarından biridir. Azərbaycan regionun demək olar ki, bütün transmilli layihələrinin təşəbbüsçüsüdür. Azərbaycan öz iqtisadi və siyasi maraqlarını yalnız milli maraqlar üzərində qurmağı düşünür. Ölkə başçısının söylədiyi kimi müəyyən şərtlər daxilində, müəyyən siyasi maraqlar naminə bizə kreditlər ayırmaq istəyənlər öz istəklərinə çatmayacaqlar”.

M.Quliyev vurğulayıb ki, neftin qiymətinin aşağı düşməsi və bununla bağlı gəlirlərimizin azalması o demək deyil ki, kimsə Azərbaycanla öz istədiyi kimi davrana bilər: “Azərbaycanın çox böyük potensialı var. Bu potensial ulu öndər Heydər Əliyevin dövründən başlayaraq formalaşıb və cənab prezidentin ölkəyə rəhbərlik etdiyi 13 il ərzində zənginləşib. Bu, həm insan, həm maliyyə, həm enerji daşıyıcıları, həm də torpaq potensialıdır. Azərbaycan bundan istifadə edərək inamlı addımalarla öz yoluna davam edəcək. Baxmayaraq ki, dünyada çox ciddi proseslər gedir, hətta bəziləri söyləyir ki, bəşəriyyət üçüncü dünya müharibəsinin ərəfəsindədir. Ancaq, Azərbaycanda çox ciddi ictimai-siyasi sabitlik var və cənab prezident ilham Əliyevin söylədiyi kimi bu sabitliyin qarantı Azərbaycan xalqı və onun öz liderinə inamıdır. Bu sabitlikdən də istifadə edərək, biz öz qeyri-neft sektorunun inkişafını qısa müddət ərzində həyata keçirəcəyik”.

Deputat qeyd edib ki, ölkə başçısı müşavirədəki çıxışında bir sıra xarici və daxili maliyyə ekspertlərinə öz mesajını verib: “Cənab prezident onlara xitabən bildirdi ki, Azərbaycanın iqtisadiyyatı, gələcək perspektivləri çox düzgün müəyyənləşdirilib. Hesab edirəm ki, bu müşavirədə qarşıya qoyulan məsələlərin həlli geniş müzakirə olunası və nəticə çıxarılası tezislərdir”.



Deputat Aydın Hüseynov təəssüflə bildirib ki, ölkə daxilində Azərbaycanın inkişafını istəməyən mərkəzlərə xidmət edən “iqtisadçı”lar var: “Ölkə başçısı belələrinə atalar sözü ilə cavab verdi. Bildirdi ki, “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Bu gün Azərbaycan iqtisadiyyatının strategiyası məlumdur. Yeni bir mərhələ başlayır. Həmin “iqtisadçı”lar isə bunu dərk etmir, başları çıxmır. Belə yerli “mütəxəssis”lərimiz populizmlə, boş-boş danışmaq, yazılar yazmaqla məşğuldurlar. Onlar heç bir iqtisadi təhlil aparmırlar. Hesab edirəm ki, onların söylədiyi fikirlər ciddi arqumentə söykənmir. Onların 5-10 il əvvəl dedikləri fikirlərə baxın. Heç nə dəyişməyib. Yəni, dəyişən ildir, söylədikləri fikirlər isə eynidir. Görünən odur ki, qarşıdakı illərdə də onların fikirləri dəyişməyəcək. Boş-boş danışmağa davam edəcəklər”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı qısa zamanda özünün iqtisadi modelini formalaşdırıb: “Bu model Azərbaycan iqtisadiyyatına çox böyük uğurlar gətirdi. Dünyada baş verən qlobal iqtisadi proses hər bir ölkəyə təsir edir. Biz də dünyanın bir parçasıyıq və 50-dən çox ölkə ilə ticari-iqtisadi əlaqələrimiz var. Dünyada gedən proseslər Azərbaycana da mənfi təsir edir. Məsələ ondadır ki, bu təsir bizə hansı formada olub. Yəni, hansı böyük iqtisadi layihəmiz həyata keçməyib? Bütün prioritet hesab olunan böyük layihələrin hər biri həyata keçməkdədir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi 2017-ci ildə tamamlanmalıdır, TANAP və TAP-ın tikintisi davam edir, eyni zamanda Ələtdəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı böyük logistik mərkəzə çevrilməkdədir. Bütün bunlar göstərir ki, dünyadakı qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatı inkişaf templərini davam etdirir. Ölkə daxilindəki “iqtisadçı”lar isə Azərbaycanın inkişafını istəməyən mərkəzlərin ruporuna çevrilib.

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ildə birmənalı şəkildə müəyyənləşdirdi ki, ölkə iqtisadiyyatının neft erası başa çatır və iqtisadiyyatımızı qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə quracağıq. Bu baxımdan 2016-cı ildə bununla bağlı böyük islahatlar həyata keçirilib. Qanunvericilik bazasında təkmilləşdirmələr aparılıb, yeni qanunlar qəbul olunub, dəyişikliklər edilib. Bu, onu sübut edir ki, Azərbaycan iqtisadiyyatında yeni islahatlar başlayır.

Bundan əlavə Azərbaycanın strateji yol xəritəsi müəyyənləşdirilib. Bu sənəd çox böyük təhlillərə, elmə, Azərbaycanın iqtisadi potensialına söykənir. Bizim gələcəkdə əldə edəcəyimiz nəaliyyətlərin iqtisadi bazası və resursları müəyyənləşdirilib. Narazılıq edənlər təhlillərini ortaya qoysunlar. Belə görünür boş-boş danışmaq bunların peşəsidir”.



Azərbaycan Sosial Demokrat Partiyasının sədri, mllət vəkili Araz Əlizadə vurğulayıb ki, bəzi dairələrin Azərbaycana ləkə vurmaq və qaralama siyasəti ölkəmizin müstəqil siyasət yürütməsindən irəli gəlir: “Azərbaycan müstəqil siyasət yürüdür. Heç kəsin yedəyində getmir və xarici təzyiqlərə tabe olmur. Hazırda Azərbaycan dünyanın o dövlətlərindədir ki, özünə yiyə axtarmır. Xaricilər hesab edirlər ki, guya bunlar dünyanın anasıdır və hamı onlara tabe olmalıdır. Bu yalnış fikirdir. Təəssüf ki, bu gün bizə qarşı qaralama kampaniyası aparırlar. Azərbaycanda adını “siyasətçi”, “iqtisadçı” qoyanlar bəzi insanlar bu kampaniyaya qoşulublar. Bu insanların nə dedikləri Azərbaycan üçün önəmli deyil”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: