Şuşada saxlanılan azərbaycanlı girovlarla görüş olacaq

  23 Yanvar 2017    Oxunub : 1760
Şuşada saxlanılan azərbaycanlı girovlarla görüş olacaq
“Bu gün Kəlbəcər girovları ilə görüş keçirilə bilər”.
Bu barədə AzVision.az-a girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bildirib.

“Bizdə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komistəsinin nümayəndələri bu gün girovlara baş çəkəcək, bizim məktublarımızı onlara çadırıcaqlar”,-deyə girovun qardaşı deyib.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə AzVision.az -a bildirib ki, görüş baş tutarsa, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Azərbaycanlı girovların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: