Ölkə üzrə 4602 uşaq məktəbdən yayınıb - Rəsmi
Qeyd olunub ki, uşaqların təhsillə əhatəsini daha da yaxşılaşdırmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün “Fərdi təhsilin təşkili haqqında Qaydalar” hazırlanıb təsdiq edilmişdir. Bu qəbildən olan şəxslər yaşadıqları ərazidə fərdi təhsilə cəlb oluna bilirlər:
“Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanda şagirdlərin məktəbdən yayınması halları ayrı-ayrı faktlar olsa da, kütləvi xarakterdə deyil. Son statistik məlumatlara görə, ölkə üzrə məktəbdən yayınma halları 0,3 faiz (4602 nəfər) təşkil edib. Məktəbdən yayınma ilə bağlı mövcud olan hallarla bağlı araşdırma göstərir ki, daha çox bəzi valideynlərin öz övladlarının təhsilinə səhlənkar yanaşması ilə bağlıdır. Faktlardan aydın olur ki, belə valideynlər uşaqlarını məktəbdən yayındıraraq təsərrüfat işlərinə cəlb edirlər. Uşaqların məktəbdən yayınmasının səbəblərindən biri kimi, erkən nikahları da göstərmək olar”.
Bildirlib ki, maddi ehtiyacı olan ailələrə hər il Heydər Əliyev Fondu tərəfindən böyük dəstək göstərilir. İmkansız ailələrin övladları məktəbli forması, çanta və zəruri ləvazimatlarla təmin edilir: “ Bununla yanaşı, imkansızlıq səbəbindən övladlarını məktəbə göndərə bilməmək barədə valideynlər tərəfindən daxil olan müraciətlərə Təhsil Nazirliyində də diqqətlə yanaşılır. Müraciətlər daha çox məktəbli formasının alınması ilə bağlı olmuşdur və bu müraciətlər müvafiq təşkilatlarla birgə əməkdaşlıq nəticəsində müsbət həll olunmuşdur. Yerli icra hakimiyyətləri də bu məsələdə valideynlərə müvafiq köməklik göstərirlər”.
Aytən Zəhra
AzVision.az