YAP Türkiyədəki referenduma "Hə", yoxsa "Yox" deyir?

YAP Türkiyədəki referenduma "Hə", yoxsa "Yox" deyir?
  14 Aprel 2017    Oxunub:2248
“16 apreldə keçiriləcək referendumda Türkiyə xalqı hansı seçimi edəcəksə, Azərbaycan həmin seçimə hörmətlə yanaşacaq”. Bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib.
YAP rəsmisi deyib ki, referendum Türkiyə tarixində yeni səhifənin açılmasıdır: “Türkiyə cəmiyyətində dövləti idarəetmə sisteminin dəyişdirilməsi müzakirə edilir. Biz hesab edirik ki, bu, Türkiyənin daxili məsələsidir. Fikrimcə, Türkiyə xalqı hər zaman olduğu kimi ən doğru seçimi edəcək. Dövlətin inkişafına, problemlərinin həllinə, beynəlxalq aləmdə olan yüksək nüfuzunun qorunub saxlanılmasına xidmət edən ən düzgün variant bu gün Türkiyə xalqının özünün seçimindədir”.

A.Mirzəzadə vurğulayıb ki, nəticəsindən asılı olmayaraq referendumdan sonrakı dövrdə Azərbaycan və Türkiyə arasında dostluq əlaqələri yüksək səviyyədə olacaq: “Diqqəti cəlb edən məsələnin demokratik, siyasi yolla həll edilməsinə üstünlük verilməsidir. Hər hansı ölkənin və yaxud xaricdən müəyyən bir beynəlxalq dairənin bu işlərə müdaxiləsi tamamilə istisna edilir”.

Qeyd edək ki, Türkiyədə aprelin 16-da referendum keçiriləcək. Ümumxalq səsverməsində 51 milyon seçicinin iştirakı gözlənilir. Qardaş ölkənin taleyini müəyyənləşdirəcək referendum dünyanın diqqət mərkəzindədir. Hazırki situasiya referendumun gərgin keçəcəyindən xəbər verir. Müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyir. Cümhuriyyət Xalq Partiyası (CHP) və kürd yönümlü Xalqların Demokratik Partiyası (HDP) isə referenduma qarşıdır.

Ümumxalq səsverməsinin nəticələrinin necə olacağını proqnozlaşdırmaq çətindir. Son rəy sorğularına əsasən Türkiyə konstitusiyasına edilən dəyişikliyə seçicilərin 51.5 faizi “Hə”, 48.5 faizi isə “Yox” deyir.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Türkiyə   Referendum   YAP  





Xəbər lenti