Azərbaycan kimi seçir: Makron, yoxsa Le Peni? (ŞƏRH)

Azərbaycan kimi seçir: Makron, yoxsa Le Peni? (ŞƏRH)
  24 Aprel 2017    Oxunub:4714
Aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.
Nəticə etibarı ilə Fransa prezidentliyi uğrunda mayın 7-də keçiriləcək seçkilərin ikinci turunda “En Marche” Hərakatının lideri Emmanuel Makron və “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen mübarizə aparacaq. Makronun prezident seçilmə şansı rəqibinə nisbətən daha yüksək qiymətləndirilir. Səbəb ilk turda 19,91 faiz səs toplayan Respublikaçıların namizədi Fransua Fiyon və 19,64 faiz səslə dördüncü yerdə qərarlaşan solçu namizəd Jan-Lyuk Melanşonun Makronu dəstəkləməsi göstərilir.

Məlum olduğu kimi ikinci turda mübarizə aparacaq Marin Le Pen seçki kampaniyasında ermənipərəst mövqeyi ilə seçilirdi. Fransanın sabiq iqtisadiyyat naziri Makron isə seçki marafonu ərəfəsində erməni kartını gündəmə gətirməyib. O, nisbətən neytral mövqe sərgiləyib.

Fransadakı seçkilər ölkəmizdə də maraqla izlənilir.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Fransada prezident seçilən şəxs mütləq Azərbaycan faktorunu nəzərə almalıdır: “Fransada prezident seçkilərinin nəticələrinə görə Emmanuel Makron və Mari Le Pen irəlidədir. Seçki öncəsi namizədlər erməni kartından geniş istifadə edirdilər. Mayın 7-də növbəti prezidentin adı məlum olacaq. Ancaq onun kim olmasından asılı olmayaraq o, Azərbaycan faktorunu nəzərə almağa, ölkəmizlə yaxşı münasibətlər qurmağa məcbur olacaq. Məhz Azərbaycan bu gün regionun lider dövlətidir, məhz onun möveqyindən regionun strateji inkişaf xətti asılıdır. Azərbaycanla dostluq etmək Şərqlə dostluq etmək deməkdir. Bunu fransız namizədlər indidən bilməli və siyasətlərini buna uyğun qurmalıdırlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, keçmiş iqtisadiyyat naziri Makron prezident seçilərsə, Azərbaycanla əməkdaşlıqda iqtisadi səmərəlilik prinsipini arxa plana atmayacaq: “Emanuel Makronun ikinci turda prezident seçiləcəyinə şübhəm yoxdur. Marin Le Penin ermənpərəst açıqlamalarına baxmayaraq, onun prezident seçilmək şansı yoxdur. Makron iqtisadçıdır, demək birinci növbədə ölkəsinin iqtisadi maraqlarını ön planda tutmalıdır. İqtisadi baxımdan isə Paris Bakı ilə sıx münasibətlərə çalışmalıdır. Çünki, Azərbaycan Cənubi Qafqazın açar dövlətinə çevrilib”.

E.Şahinoğlu vurğulayıb ki, buna baxmayaraq, Fransada prezident kim olursa-olsun ermənilərin könlünü almağa çalışır, ölkədəki erməni lobbisi ilə flört edir: “Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makron seçkiqabağı çıxışlarında ermənilərə heç nə vəd etməyib. Erməni lobbisi də hiyləgərdir. Onlar Marin Le Penin məğlubiyyəti ilə barışıblar. Bundan sonra erməni lobbisi Makrona yol tapmağa çalışacaq”.

Politoloq Qabil Hüseynli bildirib ki, qatı sağçı, millətçi, təhlükəli ideyaların daşıyıcısı olan Marin Le Penin Fransa prezidenti olmasını nə Avropa, nə də ABŞ istəyir: “Marin Le Pen Azərbaycanla bağlı açıq şəkildə deyir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Bu baxımdan hesab edirəm ki, Marin Le Penin Fransa prezidenti olması Azərbaycan üçün məqbul deyil. Emmanuel Makron təmkinli siyasətçidir. Eyni zamanda başqa dövlətlərin, xalqların maraqlarına toxunan bəyanatlar verməyib. Həmçinin o, iqtisadiyyatı dərindən bilən biri kimi Fransa üçün daha faydalı ola bilər. O cümlədən, Azərbaycan üçün”.

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, hazırda Fransa cəmiyyəti parçalanıb: “Hər iki prezidentliyə namizədin güclü elektoratı var. Amma, 7 maya qədər çox şey dəyişə bilər. Hazırda insanlar küçələrıə çıxıb, polislə toqquşmalar gedir. Belə vəziyyətdə görünən budur ki, seçki gününə qədər vəziyyət gərgin olacaq. Baxmayaraq ki, Makron Le Peni qabaqlayır. Bu, o demək deyil ki, prezident Makron olacaq”.

F.Sadıqov hesab edir ki, Makronun Fransa prezidenti olmas, Azərbaycan üçün daha faydalı ola bilər: “Le Pen bəyan edir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Düşünmürəm ki, o vəziyyəti dərk etmir. Əsla. O, kifayət qədər savadlı siyasətçidir. Sadəcə erməni dairələri ilə yaxşı əlaqələrə malikdir. Hesab edirəm ki, erməni lobbisi Le Peni maddi baxımdan dəstəkləyir. Makron isə anti-Azərbaycan bəyanatlarla seçilmir. Ona görə də Makron Azərbaycan üçün daha önəmli, xeyirli namizəddir”.

Politoloq əlavə edib ki, Azərbaycan üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın yeni prezidentinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektivliyi, beynəlxalq hüquq normalarına əməl etməsi lazımdır: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli yanaşma lazımdır. Makron iqtisadçıdır. Başa düşür ki, Azərbaycan regionda lider dövlətə çevrilib. Hazırda humanitar, iqtisadi sahələrdə Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. Makron prezident seçilsə, mütləq bunu nəzərə alacaq. Hesab edirəm ki, o, prezident seçilsə, qeyd olunan sahələrdə münasibətlər yeni mərhələyə qədəm qoya bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Fransa   Seçki  





Xəbər lenti