Gəncənin içməli su təchizatı yenilənir

Gəncənin içməli su təchizatı yenilənir
  31 İyul 2017    Oxunub:1387
Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində respublikanın ikinci böyük şəhəri Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər surətlə davam etdirilir.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az
Əvvəlcə Gəncə şəhərində tikinti-quraşdırma işlərinin aparıldığı ərazilərə baxış keçirilib. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov tikinti-quraşdırma işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və göstərişlər verib.

Sonra Gəncə şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsinin icrası ilə bağlı müşavirə keçirilib. Tədbirdə Q. Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, məsləhətçi və podratçı şirkətlərin nümayəndələri iştirak edib.

Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihənin mühəndis-qrup rəhbəri Bilal Əliyev layihənin icrası barədə məlumat verərək, hazırda işlərin intensiv şəkildə davam etdirildiyini bildirib. Onun sözlərinə görə hazırda şəhərdaxili şəbəkələrin, kanalizasiya kollektorunun inşası davam etdirilir və bu işlərə 20-dən çox tikinti briqadası cəlb olunub.
Layihə üzrə məsləhətçi şirkətin nümayəndəsi Uve Doyç işlərin keyfiyyətlə və qrafikə uyğun davam etdirildiyini diqqətə çatdırıb.

E. Vəliyev prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı sayəsində son illər şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığını bildirib, şəhərin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinin ardınca abadlıq işlərinin aparılacağını diqqətə çatdırıb. İcra başçısı layihə üzrə işlərin vaxtında və keyfiyyətlə icra ediləcəyinə ümidvar olduğunu bildirib.

Q. Hüseynov Gəncə şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının vaxtında və keyfiyyətlə icra olunması üçün tapşırıqlar verib. "Azərsu"nun sədri qeyd edib ki, layihənin uğurlu icrasını təmin etmək üçün rəhbərlik etdiyi qurumun, Gəncə Şəhər İcra Hakimiyyətinin, məsləhətçi və podratçı şirkətlərin nümayəndələri və mütəxəssisləri əlaqəli işləməlidir.

Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib.

Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb. Bu mərhələdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2014-cü ilin fevralında başa çatdırılıb.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, 4 km magistral su kəməri, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 km anbarlararası xətt inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Buradan Gəncə şəhərinə 27,5 km uzunluğunda magistral su kəməri çəkilib. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 km içməli su, 70 km kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın sayğac quraşdırılıb.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Xatırladaq ki, Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ötən əsrin 30-cu illərindən başlanılıb. Müxtəlif illərdə yaradılmış 515 km içməli su şəbəkəsi mövcuddur. Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl su mənbələrindən və subartezianlardan verilir. Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alırlar.

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə ilə yanaşı, Şəki şəhərinin də içməli su və kanalizasiya içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

AzVision.az


Teqlər: Gəncə   Azərsu  





Xəbər lenti