Lütfi Zadə prezidentə məktub göndərib - EKSKLÜZİV MÜSAHİBƏ

  10 Avqust 2017    Oxunub : 126287
Lütfi Zadə prezidentə məktub göndərib - EKSKLÜZİV MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, dünya şöhrətli alim Lütfi Zadə Azərbaycanda dəfn olunması üçün vəsiyyət edib. Məsul şəxs kimi ailənin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim edilib.

Hazırda Amerikanın Berkli şəhərində olan Şahnaz Şahbazova AzVision.az-ın suallarını cavablandırıb.

- Sizə təqdim olunan vərəsə məktubunda nə yazılıb?

- Məktubda həmin ağır gün gələndən sonra Lütfi Zadənin nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilib. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professorun bütün mükafatları, ordenləri, medalları və kitablarının mənə vəsiyyət etdiyi də qeyd olunub. Artıq vəsiyyətnamə məktubu məndədir. Professor Lütfi Zadə dünyasını dəyişəndə onun Azərbaycanda dəfn olunması üçün məsul şəxs mənəm. O, keçən il bununla bağlı oğlu Norman və mənə ürək sözlərini demişdi. Hazırda bütün bu işlər mənə həvalə olunub.

Gələcəkdə Lütfi Zadənin Azərbaycanda ev muzeyinin yaradılmasını istəyirik. Həmin muzeydə professorun əşyalarını yerləşdirməyi planlaşdırırıq. Muzeyin yaradılması isə zamandan aslıdır.

Professor Lütfi Zadənin Azərbaycanda dəfn olunması ilə bağlı Prezident Administrasiyasına məktubla müraciət edilib. Bundan əlavə Lütfi Zadə hələ bir il bundan öncə prezident İlham Əliyevdən xahiş etmişdi ki, dünyasını dəyişəndə, onu Azərbaycanda dəfn etsinlər.

- Lütfi Zadənin oğlu ilə münasibətiniz necədir?

- Normanla bacı-qardaş kimiyik. Mən hər gün professorun evinə gedib, onu ziyarət edirəm. O, bəzən günorta yeməklərindən imtina edir. Amma məni görəndə yemək yeyir. Çox vaxt Lütfi Zadəni özüm yedizdirirəm. Ona bir övladı kimi deyirəm ki, bu yeməkləri yeməlisiniz. Biz çox istəyirik ki, o, yaşasın. Köməkçisi hər gün yanına gəlir. Ən vacib e-mailləri onun diqqətinə çatdırır.

Bəziləri onun dünyasını dəyişməsi ilə bağlı yalan məlumatlar yayıb. Bunlar tamamilə yanlışdır. O, sadəcə Azərbaycanda dəfn olunmaq arzusunda olduğunu bildirib və Azərbaycan prezidentinə bununla bağlı məktub göndərib.

- Vərəsə məktubunun sizə verilməsi hamıda maraq doğurur. Məsul şəxs kimi sizin seçilməyiniz nə ilə bağlıdır?

- Mən 2009-cu ildə Lütfi Zadənin laboratoriyasında işləmişəm. Lütfi Zadənin mərhum xanımı mənə çox yaxın olub. Normanı da çox istəyirəm. Bu sevgi qarşılıqlıdır. Ancaq Lütfi Zadə ilə biz daha yaxınıq. Elə bil mən onun qızı, o mənim atamdır. Hətta o, öz valideynlərinin rəsmlərini bundan 4 il öncə mənə verib. İndi onun yanında olmaq borcumdur. Tez-tez yanına gedib, vəziyyətilə maraqlanıram.



- Təəssüf ki, Lütfi Zadənin vəsiyyətini tənqid edənlər də oldu. Bu haqda fikirlərinizi bilmək istərdik.

- Hazırda onun 97 yaşı var. 23 yaşından burada yaşayır. Axı ona necə demək olar ki, sən niyə Azərbaycanda yaşamadın? Bunu ona demək olmaz. O, məntiq adamıdır. Hər bir addımda, hərəkətdə məntiq axtarır. Ölkəmizlə bağlı onunla maraqlı söhbətlərimiz olub. Lütfi Zadə Azərbaycanı həddindən artıq çox istəyir. O, fəxr edir ki, azərbaycanlıdır. Bütün çıxışlarında Bakıda anadan olduğunu xatırladıb. Lütfi Zadə heç vaxt vətənini unutmayıb.

- Söhbətimizdə Lütfi Zadənin ölkə başçısına müraciət etdiyini qeyd etdiniz.

- Bəli, ölkə başçısına məktub göndərilib. Məktubda Azərbaycanda dəfn olunmağı arzuladığını bildirib.

Dünəndən bəri Amerikada yaşayan azərbaycanlılar mənə çoxsaylı məktublar yazırlar, bu xəbərlərə inana bilmədiklərini qeyd edirlər. İnsanlar Lütfi Zadənin səhhətinə görə narahat olduqlarını bildirirlər.

- Hazırda Lütfi Zadənin vəziyyəti necədir?

- Danışanda çətinlik çəkir. Vəziyyəti normaldır. Həftədə 4 gün idmanla məşğul olur. Həmin vaxt mən də orada iştirak edirəm. Mənə deyir ki, “Şahnaz, görürsən əlimi qaldıra bilirəm, idman edirəm”. Lütfi Zadə xəstəliyini qəbul edə bilmir. O, yaşamaq istəyir. Soruşuram ki, nə istəyirsiniz? Deyir ki, portağal istəyirəm. Biz onun istədiyi hər şeyi edirik. İnanıram ki, o, hələ çox yaşayacaq. İnanın ki, onun üzündə ölüm görünmür.



- Oğlu Norman da atasının yanındadır?

- Bəzən 3 aydan bir, bəzən 6 aydan bir atasını ziyarət edir. Çox məşğuldur. İki həftə öncə mən onunla görüşdüm. Normanın vəkili lazımi sənədləşmə işləri ilə məşğul olur. Bu barədə Amerikadakı Konsulluğumuzla da söhbət etdim. Ona dedim ki, professor hələ sağdır.

Bir məqamı da qeyd edim ki, Lütfi Zadə ilk dəfə məndən onun üçün rus şorbası bişirməyi xahiş etmişdi. Onun istəyini yerə salmadım.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: Lütfi-Zadə   Amerika   Professor