Vəhşi quşları saxlayan şəxs cərimələnib

  18 Avqust 2017    Oxunub : 282
Vəhşi quşları saxlayan şəxs cərimələnib

Sosial şəbəkədə şahin quşlarının satılması barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, araşdırma zamanı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş üç şahin quşunun Bakı şəhər sakini Telman Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanıldığı və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.

Faktla bağlı T. Zöhrabov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib. Şahin quşları götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

AzVision.az

Teqlər: DİN   Cərimə