Azərbaycanda 500-ə yaxın xəstəyə orqan koçürülüb

  23 Avqust 2017    Oxunub : 322
Azərbaycanda 500-ə yaxın xəstəyə orqan koçürülüb

Azərbaycanda ilk dəfə çarpaz orqan transplantasiyası əməliyyatı icra olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Neftçilər Xəstəxanasında keçirilən əməliyyat zamanı donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirilib.

Çarpaz transplantasiya əsasən, qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır. Əməliyyatı icra edən xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatmamazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib. Xəstənin donoru həyat yoldaşı olsa da onların qan qrupları uyğun olmadığı aşkarlanıb. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailələr görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq veriblər.

Daha sonra əməliyyat hazırlığına start verilib. Bir neçə gün hazırlıq işlərindən sonra əməliyyat icra olunub. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub.
Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyətləri stabildir və bu günlərdə evə buraxılacaqlar.

Qeyd edək ki, bu günə qədər Cərrahiyyə və Orqan transplantasiyası şöbəsində 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. Bunlardan 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb. Xəstələrin bir qismi azyaşlılardır. Bundan əlavə, bu günə kimi orqan koçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Orqan   Transplantasiya