Azərbaycanda dələduzluğa görə cəza sərtləşdirilir

  25 Sentyabr 2017    Oxunub : 1073
Azərbaycanda dələduzluğa görə cəza sərtləşdirilir

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdirilir.

AzVision.az-ın məlumatına görə, adıçəkilən maddəyə yeni bənd 178.4-cü bəndi əlavə edilir.

Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırki 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə görə 1000 manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə bəndə “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Cinayət-Məcəlləsi   Dələduzluq