Zakir Qaralov Rusiyada tədbirlərdə iştirak edib

  25 Sentyabr 2017    Oxunub : 728
Zakir Qaralov Rusiyada tədbirlərdə iştirak edib

Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanlanmış video müraciəti nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkə başçısı İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin rəhbərliyi altında bütün sahələrdə köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edib.

Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən Zakir Qaralov tərəflər arasında 2010 və 2015-ci illərdə müvafiq olaraq Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında saziş”in imzalanmasını diqqətə çatdırıb. Hər iki razılaşmanın ölkələrimizin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin rəhbərlik etdiyi qurumun ölkəmizin hüquq mühafizə orqanları ilə əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi önəm verdiyini, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin icra edildiyini, ölkələrimiz arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv inkişaf etdiyini bildirib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Belarus və Qazaxıstanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

AzVision.az

Teqlər: Zakir-Qaralov   Rusiya