Azərbaycanlı deputat erməni icmasını dialoqa çağırdı

  25 Sentyabr 2017    Oxunub : 1225
Azərbaycanlı deputat erməni icmasını dialoqa çağırdı

“Azərbaycan Şərq Tərəfdaşlığı Proqramının üzvüdür. Bu proqram çərçivəsində vaxtilə biz də İrəvanda olmuşuq. Ona görə erməni deputatların Azərbaycana gəlişində qeyri-adi bir şey yoxdur”.

Bunu AzVision.az-a Ermənistan-Azərbaycan Sülh Platforması”nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, erməni deputatların Bakıya gəlməsi itirilmiş münasibətləri bərpa etmək baxımından normal haldır. Deputat Qarabağın erməni icması ilə dialoqun tərəfdarı olduğunu qeyd edib.

“Xüsusilə, bu gün Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı və Erməni İcmaları arasında dialoqun yaradılmasının tərəfdarıyıq. Təəssüf ki, qarşı tərəfdən indiyə qədər xoş mesaj eşitməmişik. Amma bu iş davam etdirilir. Düşünürəm ki, itirilmiş münasibətləri bərpa etmək baxımından səfərlər normal qəbul olunmalıdır”.

R.Rzayev vurğulayıb ki, Azərbaycan xalqının, iqtidarının, ölkə başçısı İlham Əliyevin həm Prezident, həm də Ali Baş Komandan kimi Dağlıq Qarabağ problemində mövqeyi bütün dünyaya bəllidir: "Biz bilirik ki, Azərbaycan hər an hərbi yolla öz torpaqlarını azad etməyə hazırdır. Bunu Azərbaycanın bütün vətəndaşları dəstəkləyir. Yaxşı olar ki, biz bu məsələni sülh yolu ilə həll edək. Nə qədər mümkündür, sülh danışıqlarını aparmalıyıq. Digər tərəfdən hər birimiz bilirik ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə antiterror əməliyyatı keçirərək ərazilərimizi işğalçılardan təmizləyə bilər. Bu baxımdan hesab edirəm ki, beynəlxalq qurumların Bakıda keçirilən tədbirlərinə ermənilərin gəlməsi problemli məsələ deyil”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Rövşən-Rzayev   Qarabağ