Prezidentlərin görüşü ümidvericidir - YAP-dan münasibət

  16 Oktyabr 2017    Oxunub : 1938
Prezidentlərin görüşü ümidvericidir - YAP-dan münasibət

Bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edibklər.

Zirvə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb.

Bəyanatda görüşün konstruktiv keçdiyi qeyd olunub. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentlərin Cenevrə görüşünə münasibət bildirib.



YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, danışıqların nəticəsi barədə məlumat verilməsə də, görüşün baş tutması müsbət hal kimi qiymətləndirilir.

“Ortada Ermənistanın qoyduğu ilkin şərtlərdən imtina edərək danışıqlara getmə faktı var. Bu, Azərbaycanın siyasi mövqeyinin Ermənistan tərəfindən qəbul edilməsidir. Digər tərəfdən Azərbaycan danışıqlar naminə danışıqlara getməyəcəyini, ortada konstruktiv təklif olduqda görüşə razılıq verəcəyini bəyan edib. Belə bir görüşün təşkil edilməsi müəyyən ümidlər verir ki, həmsədrlər tərəfindən hansısa məsələlər müzakirə edilə bilər”.

YAP-çı deputat vurğulayıb ki, danışıqlardan çəkilmək ilk növbədə Ermənistanın özünə ziyan vurur: “Ermənistan üçün münaqişənin həll olunmaması iqtisadiyyatının çökməsinə, əhalisinin durmadan ölkəni tərk etməsinə, bir dövlət kimi məhvinə gətirib çıxarır. Artıq Ermənistanın hakim dairələrində Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin qəbul edilməsinin qaçılmazlığı qəbul edilir. Buna görə danışıqların keçirilməsini Azərbaycanın uğuru kimi qəbul etmək olar”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: ATƏT   Dağlıq-Qarabağ   İlham-Əliyev