“Avropa İttifaqı ilə danışıqlar intensiv şəkildə davam edir” - Məmmədyarov

“Avropa İttifaqı ilə danışıqlar intensiv şəkildə davam edir” - Məmmədyarov
  25 Oktyabr 2017    Oxunub:2228
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabr 24-25-də Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. A. Alfano Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb, dünyəvi və mötədil ölkə olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən E. Məmmədyarov isə İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd ediblər. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan E. Məmmədyarov nizamlanma ilə bağlı rəsmi Bakının beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. O, Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi, dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini qeyd edib.

A. Alfano gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq İtaliyanın münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini söyləyib.

Görüşdə Azərbaycan – Avropa İttifaqı münasibətləri nəzərdən keçirilib, italiyalı nazir bu əməkdaşlığı dəstəkləməyə davam edəcəklərini nəzərə çatdırıb. E. Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini bildirib. O, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   XİN   Avropa-İttifaqı  





Xəbər lenti