Tikintidə işləyənlərin 35 fazinin əmək müqaviləsi yoxdur
Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 35 %-ində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib. Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd olunub ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildiriş sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti sahəsinə cəlb olunmamalıdır.
Monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
AzVision.az
Teqlər: ASAN monitorinq