“Azərbaycan-İran əməkdaşlığı gözəl nəticələr verir” - İlham Əliyev

“Azərbaycan-İran əməkdaşlığı gözəl nəticələr verir” - İlham Əliyev
  27 Oktyabr 2017    Oxunub:2404
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Məsud Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Hökumətlərarası birgə komissiyanın işinə toxunan Prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğuladı. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olunduğunu dedi. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdiriləcəyini əminliklə söylədi.

Məsud Kərbasian İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası birgə komissiyanın həmsədri kimi ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu vurğuladı. Qonaq bu vəzifədə ona göstərilən etimadın və məsuliyyətin öhdəsindən gələcəyinə və ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Məsud Kərbasian dedi: “Sizin rəhbərliyiniz altında Azərbaycanda əldə edilən uğurlu inkişaf insanı valeh edir. Mən Sizi əldə olunan bu gözəl nailiyyətlər münasibətilə təbrik edirəm”.

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, səhiyyə, kənd təsərrüfatı, bank, maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   İran   Nazir  





Xəbər lenti