Korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

Korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans
başa çatıb
  27 Oktyabr 2017    Oxunub:1307
Azərbaycan Respublikası Prokurorluğu, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir başa çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, tədbir çərçivəsində bir sıra iştirakçı dövlətlərin nümayəndələri tərəfindən konkret cinayət işlərinin nümunəsində təmsil olunduqları ölkələrin korrupsiya cinayətlərinin istintaqı və bu yolla əldə edilmiş gəlirlərin müsadirəsi təcrübəsinə dair çıxışlar edilib.

Əmlakın bərpası və prokurorların müstəqilliyi sahələrində əldə edilən nailiyyətlər paylaşılmış, bu mövzularda beynəlxalq ekspertlər tərəfindən təqdimatlar keçirilərək geniş fikir mübadiləsi aparılmış, təşkilat tərəfindən qeyd edilən sahələrdə son dövrlərdə həyata keçirilmiş tədqiqatlar müzakirə edilib. Görüşlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən də bir sıra təqdimatlar keçirilmiş, ölkəmizin bu sahədə əldə etdiyi müsbət iş təcrübəsi önə çəkilmişdir. Bununla yanaşı, təmsilçilərimizlə Latviya, Rumıniya, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələləri müzakirə edilib.

Tədbirin sonuncu günündə iştirakçılar Heydər Əliyev Mərkəzində olmuş, onlar ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olublar. Daha sonra qonaqlar korrupsiyaya qarşı preventiv tədbirlər sahəsində Azərbaycan brendi kimi dünyada tanınan “ASAN Xidmət”də olmuş, nümayəndələrə mərkəzin respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətindəki rolu barədə ətraflı məlumat verilib.

İştirakçılar görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə öz minnətdarlıqlarını bildirərək belə bir tədbirin ölkəmizdə keçirilməsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası arasında, eləcə də Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ölkələri arasında qarşılıqlı əməkdaşlığın inkişafında yeni bir mərhələ olduğunu qeyd ediblər.

AzVision.az



Teqlər: OECD  





Xəbər lenti