“Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik” - İƏT-in baş katibi

  02 Noyabr 2017    Oxunub : 662
“Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik” - İƏT-in baş katibi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 1-də Ciddə şəhərində İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

Komitədən AzVision.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə İslam Əməkdaşlığı Təşkilatı arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri Mübariz Qurbanlı İƏT-in baş katibinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırdıqdan sonra qeyd edib ki, Azərbaycan İƏT-ə üzv olduqdan sonra öz təşəbbüskar mövqeyi ilə seçilir, üzərinə düşən vəzifələri həmişə yerinə yetirir, təşkilatın prinsiplərinə uyğun işini həyata keçirir. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həm özünün dövlət maraqlarını, həm də İslam mədəniyyətini, İslam dünyasının ortaq mənafelərini müdafiə edir. Prezident İlham Əliyev hər fürsətdə İslam dünyasının yaşadığı problemləri dilə gətirərək onların həllində yardımçı olmağa çalışır.

Azərbaycandakı din-dövlət münasibətləri haqqında məlumat verən Komitə sədri ölkəmizin bu sahədəki təcrübəsinin digər ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb, bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Azərbaycanın Şərq ilə Qərb arasında təbii körpü olduğunu qeyd edərək, ölkəmizin dinlərarası dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu xatırladan Mübariz Qurbanlı bu çərçivədə DQİDK-nın QMİ ilə birgə həm Azərbaycanda, həm də beynəlxalq miqyasda keçirdiyi və keçirəcəyi çoxsaylı tədbirlər barədə məlumat verib, bu kontekstdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibini cari ilin dekabrında keçiriləcək yekun beynəlxalq konfransa dəvət edib və İƏT ilə əməkdaşlıq çərçivəsində bu tədbirin daha səmərəli və təsirli ola biləcəyini diqqətə çatdırıb. Azərbaycanın həm də lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinə toxunan Komitə sədri bu idman bayramının dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verdiyinə əminliyini ifadə edib.

Öz növbəsində ölkəmizə səfərini və səfər zamanı ölkə başçısı cənab İlham Əliyevlə ikitərəfli görüşünü xatırlayan İƏT Baş katibi Əhməd Əl-Useymin bu səfərin onda olduqca xoş təəssüratlar buraxdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT-in birmənalı və dəyişməz mövqeyini bir daha vurğulayıb, bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.

İslam dünyasının problemləri haqqında söhbət açan Yusif bin Əhməd əl-Useymin dünyada islamofob meyillərin artmasının İslam ölkələrini qayğılandırdığını qeyd edərək, dünyada İslama qarşı təhdid və təhlükələrin get-gedə artdığı bir dövrdə müsəlman ölkələrinin vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsinin İslam dünyası üçün vacibliyini vurğulayıb.

Sonda İƏT baş katibi rəhbərlik etdiyi qurumun İslam dünyasının maraqlarının müdafiəsi və problemlərinin həlli sahəsində fəaliyyətinə hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasına və Prezidentinə təşəkkürünü bildirib, Azərbaycan Prezidentinin fəaliyyətinin, onun daxili və xarici siyasətinin, İslam dünyasının problemlərinə göstərdiyi diqqətin təqdirəlayiq olduğunu bir daha diqqətə çatdırıb.

AzVision.az

Teqlər: İƏT   Qarabağ