“Bu klinikalara gələn xəstələrin sayı azalıb” - Millət vəkili

“Bu klinikalara gələn xəstələrin sayı azalıb” - Millət vəkili
  08 Noyabr 2017    Oxunub:1842
“Şəkərli-diabet xəstələri haqqında proqrama əsasən ayrılan vəsaitin keçən ilki səviyyədə saxlanılması dərman çatışmazlığına səbəb ola bilər”.
AzVision.az–ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Rafiq Məmmədhəsənov deyib.

Deputat bildirib ki, bu, xəstələrin haqlı narazılığına səbəb ola bilər: “Azərbaycanda şəkərli-diabet xəstələri üçün keçən ilki qədər vəsait ayrılıb. Ümumdünya statistikası isə göstərir ki, hər il şəkərli-diabet xəstələrinin sayı 10-15 faiz artır. Ayrılan vəsaitin sabit qalması, xəstələrin sayının artması isə ona səbəb ola bilər ki, yeni qeydiyyata götürülən şəkərli-diabet xəsətlərinə dərman çatmasın. Bu, həmin xəstələrin haqlı narazılığına səbəb olacaq. Ona görə də bunun nəzərə alınmasını xahiş edirəm”.

R.Məmmədhəsənov qeyd edib ki, yanvar ayından Tibb Universitetinin klinikalarına hökumət tərəfindən ayrılan vəsait dayandırılıb: “Təsərrüfat hesabına keçildiyindən bu klinikalara xəstə gəlişi azalıb. Tibb Universitetinin əksər klinik kafedraları, yəni həkimliyi öyrədən kafedralar bu klinikalarda yerləşirlər. Ona görə də həkimlər tələbələri nəzəri olaraq hazırlamaq məcburiyyətində qalıblar. Sonra da deyiləcək ki, Tibb Universiteti yaxşı həkimlər hazırlaya bilmir. Əgər mümkündürsə, Tibb Universitetinin klinikalarına 1-2 il ərzində vəsait ayrılsın. Bu klinikalar öz işini möhkəmləndirəndən sonra bu vəsait kəsilə bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti