Qazax və Ağstafada 5 yol yenidən qurulub

  10 Noyabr 2017    Oxunub : 464
Qazax və Ağstafada 5 yol yenidən qurulub

Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.

“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, əvvəllər torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə sözügedən yollarla vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulan yolların ümumi uzunluğu 41,3 km təşkil edir.

Bu, Qazax rayonunda 2,7 km uzunluğunda olan yerli əhəmiyyətli Qazax-Düzqışlaq yolunun Hüseynbəyli hissəsi və Qazax-Yuxarı Əskipara yolunun 5-ci km-dən ayrılan 2,7 km uzunluğunda Kommuna yolları, Ağstafa rayonunda isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 458-ci km-dən ayrılan 9,8 km uzunluğa malik Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan yolu və 16,6 km uzunluğunda Vurğun-Köhnəqışlaq yolu, həmçinin respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 33-cü km-dən ayrılan 9,5 km-lik Soyuqbulaq-Tinglik yoludur.

Bütün 5 avtomobil yolu yerli əhəmiyyətlidir və 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Yolların hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində yollar boyu yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan yenidənqurma işləri zamanı Vurğun-Köhnəqışlaq yolunun 14,5-ci km-də uzunluğu 32 metr olan Sağ Sahil magistral kanalı körpüsü inşa olunub, yolun 12,5-ci km-də isə uzunluğu 64 metr olan 1 mövcud körpü isə əsaslı təmir edilib. Layihəyə uyğun olaraq yaşayış məntəqələri ərazisində kommunikasiya xətlərinin yerləri dəyişdirilib və 88 ədəd müxtəlif diametrli (300mm-1250mm-dək) dairəvi və düzbucaqlı suötürücü boruların tikintisi həyata keçirilib.

Bundan başqa, hərəkətin normal təşkili üçün yollar boyu 296 ədəd məlumatverici lövhə və yol nişanları quraşdırılıb, 874 ədəd işıq əksetdirici dirək qoyulub və yolun ümumi uzunluğu boyu prosedurlara uyğun yol xətlənməsi işləri aparılıb. Tikinti işləri cəmi 3 ay ərzində tamamlanıb və yollar yerli sakinlərin istifadəsinə verilib.

Qazax rayonunda Qazax-Düzqışlaq yolunun Hüseynbəyli hissəsinin və Kommuna yolunun, Ağstafa rayonunda isə Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan, Vurğun-Köhnəqışlaq və Soyuqbulaq-Tinglik yollarının yenidən qurulması ilə 17 yaşayış məntəqəsinin 30 minə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması isə asanlaşıb.

AzVision.az

Teqlər: yol   təmir