8575 gözdən əlil əmək pensiyası alır

8575 gözdən əlil əmək pensiyası alır
  13 Noyabr 2017    Oxunub:18111
Gözdən əlillərin sosial müdafiəsi Azərbaycanda aparılan sosial siyasətin mühüm tərkib hissəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının dolğun təminatına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlər gözdən əlilləri də əhatə edir.

Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası gözdən əlillərin istifadəsinə verilib. Xüsusi layihə əsasında və müasir tələblərə uyğun inşa olunmuş bu yaşayış binasında gözdən əlillərin çətinlik çəkmədən hərəkət etmələri üçün müvafiq şərait də yaradılıb. Bu təbəqədən olan insanların cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai həyatın bütün sahələrində iştirakına şəraitin yaradılması yönündə Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü işlər görülür. Fond tərəfindən müvafiq layihə çərçivəsində gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olmalarına şərait yaradılması üçün respublikamızın ayrı-ayrı bölgələrində Regional İnformasiya Mərkəzləri yaradılıb.

Gözdən əlilliyi olan şəxslərin sosial təminat növləri ilə təminatı istiqamətində də müvafiq işlər aparılır. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası ilə təmin olunanlardan 8 575 nəfəri gözdən əlillərdir. Onlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 286,4 manat təşkil edir. Əmək pensiyası almaq hüququ olmayan gözdən əlillər isə aylıq sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərə, o cümlədən I qrup gözdən əlillərə aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Cari ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə tam sığorta əsaslı pensiya təminatı prinsipinin tətbiqi zamanı da əlilliyə görə əmək pensiyasının I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi əksini tapıb. Həmçinin Qanunun 13.3-cü maddəsinə I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilməsini nəzərdə tutan ikinci bənd əlavə edilib. Eyni zamanda Qanuna 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən həmin tarixdən sonra pensiya təyin edilmiş I qrup gözdən əlil olanların əmək pensiyasının sığorta hissəsinin üzərinə 110 manat əlavə hesablanması nəzərdə tutulmuşdur. Bu da həmin insanlara, o cümlədən I qrup gözdən əlillərə xüsusi diqqət və qayğının bir göstəricisidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gözdən əlillərin peşə reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq, bu il 50 nəfərədək gözdən əlil şəxs üçün brayl sistemi üzrə peşə hazırlığı kursları təşkil edilib. 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzində ötən dövrdə 1250 gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına qəbul edilib ki, onlardan bir hissəsi də gözdən əlil şəxslər olub.

Ötən ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakının Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin istifadəyə verilməsi bu təbəqədən olan şəxslərə yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu sosial xidmət müəssisəsində görmə qabiliyyəti məhdud olan yetkinlik yaşına çatmamış şəxslərin ehtiyac duyduqları reabilitasiya tədbirlərinə cəlb olunmaları, sosial xidmətlərlə təmin edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərə də reabilitasiya məqsədli sosial xidmətlər göstərilir. Belə ki, müvafiq layihə əsasında görmə imkanları məhdud uşaqların televiziya, kino, teatr, idman proqramları və muzeylərin müyəssərliyinin təmin edilməsi, onlar üçün bədii və cizgi filmlərinin tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri tamaşaçıya sözlə çatdırma) təqdim olunması işləri aparılır. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin bərpa müalicəsi, istirahətlərinin və onlar arasında idman tədbirlərinin təşkili, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. sahələrdə aparılan işlərdə gözdən əlillər də daim diqqətdə saxlanılır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının iştirakçılarının da bir hissəsini gözdən əlillər təşkil edir.

AzVision.az


Teqlər: əlil   ƏƏSMN  





Xəbər lenti