RƏSMİ: İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib

  17 Noyabr 2017    Oxunub : 1251
RƏSMİ: İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib

"Araşdırmalara əsasən, son il yarım ərzində Azərbaycan vətəndaşlarından Suriyada və İraqdakı qeyri-qanuni birləşmələrə qoşulma halları olmayıb".

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmisi bildirib ki, son aylar İŞİD-ə edilən hücumdan sonra həmin birləşmələrdən azərbaycanlıların qaçışı başlayıb.

"Onların bir qismi Azərbaycana qayıdan zaman hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub. Bir qismi isə məsuliyyətdən yayınmaq üçün üçüncü ölkələrdə gizlənməyə çalışır. Hüquq-mühafizə orqanları da partnyor ölkələr vasitəsilə həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində iş aparır".

S.Heydərov qeyd edib ki, döyüşlərdə iştirak edən 200-dən çox azərbaycanlının vətəndaşlığı ləğv edilib, onlar artıq ölkəyə qayıda bilməzlər.

"95 nəfər məsuliyyətə cəlb olunub. 300-dən artıq azərbaycanlının isə orada ölməsi haqqında məlumatlar var. Bir qism azərbaycanlı qalıb və onlar ölkəmiz üçün təhlükə mənbəyidir. Aidiyyatı dövlətlərlə birgə onların müəyyənləşdirilməsi istiqamətində işlər gedir. O cümlədən, valideynlərini itirmiş 19 uşağın Azərbaycana qaytarılması üçün aidiyyatı dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi tərəfindən işlər aparılır. Uşaqlardan biri gətirilərək yaxınlarına təhvil verilib" - sədr müavini vurğulayıb.

Aytən Zəhra
AzVision.az

Teqlər: Komitə   Suriya   İraq